Stefaniya Giannini: Azərbaycan UNESCO-da fəal ölkələrdən biridir

 

Parisdə Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə dair simpoziumda iştirak edən təhsil naziri Ceyhun Bayramov UNESCO baş direktorunun təhsil məsələləri üzrə yeni təyin olunmuş müavini Stefaniya Giannini ilə görüşüb.
 

Görüşdə Ceyhun Bayramov Azərbaycanın bu təşkilatla əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Nazir ölkəmizdə təhsil sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat verib və bu sahədə əməkdaşlığın əhəmiyyətinə toxunub. Diqqətə çatdırıb ki, Azərbaycanda təhsil üzrə Dövlət Proqramı və Milli Strategiya qəbul edilib. Ceyhun Bayramov, həmçinin erkən yaş təhsili və texniki peşə təhsilində aparılan islahatlardan və qəbul edilən hüquqi sənədlərdən söz açıb.
 

Tərəflər müvafiq sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
 

Stefaniya Giannini Azərbaycanın UNESCO-da fəallığını vurğulayaraq, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin təqdirəlayiq olduğunu söyləyib.
 

Azərbaycana səfərə dəvət olunan Stefaniya Giannini bunu məmnuniyyətlə qəbul edib.
 

https://azertag.az/xeber/Stefaniya_Giannini_Azerbaycan_UNESCO_da_feal_olkelerden_biridir-1201310