Bakıda Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib
2018-09-17Sentyabrın 14-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Əvvəlcə Azərbaycan nümayəndə heyətinin Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında iştirakını əks etdirən və sessiyada nümayiş olunan Azərbaycanın tanıtım videoçarxı nümayiş olunub.
Tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qarşıda duran vəzifələr haqqında təşkilat komitəsinin üzvlərinə məlumat verib. Bildirib ki, Bakıda keçiriləcək İrs Komitəsinin sessiyasında dünyanın hər hansı bir ölkəsinin mədəni nümunəsi haqqında qərar çıxarılarsa, bu ölkənin bəşəriyyətin tarixinə öz adını yazdırması deməkdir. Bu baxımdan komitənin iclası mühüm hadisədir. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-da apardığı siyasətin məntiqi nəticəsidir ki, bu məsuliyyət Azərbaycana həvalə edilib. “Biz təşkilat komitəsi olaraq bu tədbirə bütün qüvvəmizlə hazırlaşmalı və Azərbaycana 10 gün müddətində 3 mindən artıq qonağın qatılacağı tədbiri yüksək səviyyədə təşkil etməliyik”, – deyə nazir bildirib.
Nazir əlavə edib ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması artıq dünya birliyində də yüksək qiymətləndirilir. Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir. Ə.Qarayev Azərbaycan - UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.
Qeyd edib ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30–dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Həmçinin həmin sessiyada Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Diqqətə çatdırılıb ki, bu gün onlarla mədəni irs nümunəmiz UNESCO-nun mədəni irs siyahısında qorunur. İlk olaraq İçərişəhər və Azərbaycan muğamı bu siyahıya daxil edilib. Hazırda nazirliyin nəzdində fəaliyyət göstərən komissiya Şəki şəhərinin və onun tarixi hissəsinin siyahıya daxil olması ilə bağlı işlər görür.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin fəaliyyəti və yaranması haqqında iştirakçılara məlumat verən nazir bildirib ki, bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Azərbaycanda təşkil ediləcək sessiyanın əsas iclaslarının Bakı Konqres Mərkəzində baş tutacağını və sessiyaların UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacağını da diqqətə çatdırıb: “Sessiyada xüsusi proqramlar həyata keçiriləcək. Bu proqramlar “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu”dur”.
Tədbirdə Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə isə UNESCO-nun Ümumdünya İrs Komitəsinin yaranması, tərkibi və fəaliyyəti haqqında məlumat verib.
İclasa yekun vuran Əbülfəs Qarayev bir daha diqqətə çatdırıb ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə dəstək olmaqdır. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Sonra iclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam edib.