Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi Azərbaycan üçün əlamətdar hadisədir

Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi Azərbaycan üçün əlamətdar hadisədir
 

Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Divan”ının əlyazma nüsxəsinin UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dahi şairin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib. Akademik A.Əlizadə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində ölkəmizin zəngin mədəni irsinin dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Şairin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışan AMEA-nın rəhbəri bildirib ki, bu əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. Əlyazmada əsərin 1936-cı ildə görkəmli ədəbiyyatşünas alim Salman Mumtaz tərəfindən keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının kitabxanasına bağışlanması da qeyd olunur.

A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, M.Füzulinin əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi xalqımız və Azərbaycan elmi ictimaiyyəti üçün çox mühüm tarixi, mədəni hadisədir.

Akademik deyib: “UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrində dahi şairin əlyazmasının yer alması Füzuli sənətinin ümumdünya mədəni, ədəbi sərvəti olduğunu təsdiq edən mühüm addımdır. Bu nüfuzlu təşkilatda əlyazmanın qeydə alınması Füzulinin bəşəri əhəmiyyətini, həmçinin böyük şairin dünya mədəniyyətinin formalaşmasında bu gün də əsərləri ilə rol oynadığını göstərən arqumenlərdən biridir. Bunun Azərbaycan üçün də böyük əhəmiyyəti vardır. “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə Füzulinin əlyazma nüsxəsinin Azərbaycanın mədəni irsinin nümunəsi kimi daxil edilməsi görkəmli şairin, bu qiymətli xəzinənin məhz xalqımıza məxsus olduğunu təsdiq edən əhəmiyyətli hadisədir. Bu, beynəlxalq aləmdə və sonrakı proseslərdə də Füzulinin xalqımıza məxsus olması barədə fikirlərin tarazlığını Azərbaycanın xeyrinə isbat edəcək. Dünya ədəbiyyatının böyük korifeylərindən olan Füzulinin irsi ümumtürk ədəbi-mədəni sərvətidir. Ancaq onun Vətəni Azərbaycandır. Ölkəmizdə XX əsrin əvvəllərindən başlayaraq dahi şairin yaradıcılığı haqqında qiymətli monoqrafik tədqiqatlar meydana gəlib, dissertasiyalar yazılıb, şairin əsərləri dəfələrlə ölkəmizdə böyük tirajlarla çap olunub. Böyük mütəfəkkirin əsərləri Azərbaycanda dünya dillərinə tərcümə olunaraq yayılıb”.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov ümummilli lider Heydər Əliyevin dünya mədəniyyətini və ədəbiyyatını zənginləşdirən Füzuli yaradıcılığına hər zaman yüksək qiymət verdiyini söyləyib. Bildirib ki, 1996-cı ildə şairin anadan olmasının 500 illik yubileyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri proqramı çərçivəsində təntənəli şəkildə qeyd edilib. Bugünkü təqdimat mərasiminin Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə təsadüf etdiyini deyən E.Sultanov M.Füzuliyə, onun yaradıcılığına Cümhuriyyət dövründə də yüksək diqqət göstərildiyini qeyd edib. Nəzərə çatdırılıb ki, Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılmasında, irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bu gün Azərbaycan UNESCO ilə təşkilatın bütün prioritet istiqamətləri üzrə sıx əməkdaşlıq edir. Ölkəmiz UNESCO-nun “Dünya Yaddaşı” proqramında da uğurla iştirak etməkdədir. UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrində Azərbaycana məxsus iki dəyərli əsər yer almaqdadır. Şairin bu “Divan”ının əlyazması 1572- ci ilə aiddir və orada onun ana dilimizdə yazılmış 400-dən çox şeiri toplanıb. M.Füzulinin bu məşhur əsəri UNESCO tərəfindən dəyərləndirilib, onun bəşəri əhəmiyyəti təşkilatın Baş direktorunun imzaladığı sertifikatla təsdiq olunub. Sonra E.Sultanov UNESCO-nun sertifikatını akademik A.Əlizadəyə təqdim edib.

M.Füzulinin zəngin ədəbi-fəlsəfi irsi barədə məlumat verən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, şairin yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. T.Kərimli şairin yazdığı “Leyli ilə Məcnun”un bir mədəniyyət və əxlaq əsəri olduğunu vurğulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov dünyanın nüfuzlu təşkilatı olan UNESCO-da Azərbaycan klassik sərvətinin bir nümunəsinin dünya irsinin şah əsərlərindən biri kimi qeydiyyata alınmasını çox böyük uğur adlandırıb. Qeyd edilib ki, Azərbaycanın UNESCO ilə əlaqələri keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayır. Ölkəmizin bu nüfuzlu təşkilatla sıx əməkdaşlığı isə 1996-cı ildə, UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanandan sonra başlanıb.

Akademik diqqətə çatdırıb ki, Azərbaycanın UNESCO-da özünü təsdiqi istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mədəni irsimizin, həmçinin Qobustan dövlət tarixi-bədii qoruğunun beynəlxalq səviyyədə tanıdılmasında və UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri olub. Çıxış edənlər bu əlamətdar hadisənin ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

https://azertag.az/