UNESCO-nun Baş direktoru Beynəlxalq Caz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

UNESCO-nun Baş direktoru Beynəlxalq Caz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib

UNESCO-nun baş direktoru Odri Azuley Beynəlxalq Caz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.

Müraciətdə UNESCO-nun bu il aprelin 30-da VII Beynəlxalq Caz Gününü qeyd etməkdən qürur duyduğu bildirilir. Diqqətə çatdırılır ki, bu günün qeyd olunması caz sənətinə və irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, həm də musiqinin insanları bir araya gətirmək gücünün tanınmasıdır. Caz öz başlanğıcını əsarətə qarşı müqavimətdən və azadlıq uğrunda mübarizədən götürür. Bu musiqi müxtəlif ifa üslubunda saysız-hesabsız mədəniyyətlərə daxil olub, ifadə formalarına çevrilib.

Beynəlxalq Caz Günü bu il dünyanın 190-dan çox ölkəsində qeyd ediləcək. Builki Beynəlxalq Caz Gününə Sankt-Peterburq ev sahibliyi edəcək. Şəhərdə cazla bağlı seminarlar, ustad dərsləri, film nümayişləri olacaq və dünyanın bir çox ölkələrindən tanınmış caz musiqiçilərini bir araya gətirən “The All-Star Global Concert” proqramı təqdim ediləcək. Tədbir UNESCO, Telonius Monk Caz Sənəti İnstitutu, İqor Butman Fondunun birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Müraciətin tam mətni ilə UNESCO-nun saytında tanış olmaq mümkündür.

Beynəlxalq Caz Günü münasibətilə Bakıda Beynəlxalq Muğam Mərkəzində qala-konsert olacaq. Konsertdə ABŞ-ın “Kennedy Administration” qrupu, Əməkdar artistlər Rain Sultanov və İsfar Sarabski, habelə Vadim Abramov, Elnarə Həsənli, Ruslan Hüseynov, Elvin Bəşirov və başqaları çıxış edəcəklər.

https://azertag.az/xeber/UNESCO_nun_Bas_direktoru_Beynelxalq_Caz_Gunu_ile_elaqedar_ictimaiyyete_muraciet_edib-1156234