Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunub
2018-02-20Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib. AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkil etdiyi tədbirdə 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirilib.
İnstitutun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayıb. O, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. M.Nağısoylu Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin dilimizin inkişafında mühüm rolundan danışıblar. Ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alimlər dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.
Konfransda filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Ana dil mənəvi varlığımızdır”, filologiya üzrə fəlsəfə doktorları Aysel Qəriblinin “Azərbaycan dili anlayışının tarixi”, Cahid Kazımovun “Virtual məkanda Azərbaycan dili” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.
https://azertag.az/xeber/Beynelxalq_Ana_Dili_Gunu_AMEA_da_qeyd_olunub-1138390