Anar Kərimov: UNESCO vasitəsilə mədəniyyət diplomatiyası canlandırılmalıdır

Anar Kərimov: UNESCO vasitəsilə mədəniyyət diplomatiyası  canlandırılmalıdır
 

Beynəlxalq əlaqələrdə UNESCO vasitəsilə mədəniyyət diplomatiyası canlandırılmalıdır. Bu fikri Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Fransanın Beynəlxalq Əlaqələr və Strategiya İnstitutunun jurnalına müsahibəsində deyib. Səfir müsahibəsində ölkəmizin UNESCO-ya üzv olmasının tarixindən, bu beynəlxalq qurumun fəaliyyətinə töhfələrindən danışıb. Bundan başqa, o, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO ilə ölkəmiz arasındakı münasibətlərin, eləcə də mədəniyyətin, musiqinin, təhsilin inkişafına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələrdən söhbət açıb. Anar Kərimov Mehriban Əliyevanın fəaliyyətinin qurumda yüksək qiymətləndirildiyini, UNESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü, məhz onun sayəsində bir çox mədəni və tarixi irs abidələrimizin təşkilatın Ümumdünya İrs Siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Səfir mədəniyyətlərarası dialoqun episentri olan, müxtəlif etnik qrupların mehriban ailə kimi yaşadığı Azərbaycanda hökm sürən tolerantlıq haqqında geniş məlumat verib. O, Qərblə Şərq arasında yerləşən ölkəmizdə Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığını vurğulayıb. Qeyd edib ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı təşviq edir və ölkəmiz bu gün əsl mədəniyyətlərarası dialoq platformasına çevrilib. Bakı UNESCO-nun da dəstəklədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna bir neçə ildir ev sahibliyi edir. Tolerantlığın və birgə sülh şəraitində yaşamanın Azərbaycan modeli formalaşıb və bu, bütün dünya ölkələrinə bir nümunədir.

Ölkəmizin UNESCO layihələrində fəal iştirakından danışan diplomat Azərbaycanın 25 ildən çoxdur üzləşdiyi münaqişədən, silahlı münaqişələrdə mədəni və tarixi irsin qorunmasının əhəmiyyətindən və ölkəmizin bu sahəyə töhfələrindən danışıb.

https://azertag.az/xeber/Anar_Kerimov_UNESCO_vasitesile_medeniyyet_diplomatiyasi_canlandirilmalidir-1131055