Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd  olunub

Dekabrın 19-da UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasınınüzvləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək ölkəmizin UNESCO- da 25 illik fəaliyyəti dövründə gördüyü uğurlu işlər haqda məlumat verib. 1994- cü ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə UNESCO üzrə Milli Komissiyanın yarandığını diqqətə çatdıran nazir fəaliyyəti dövründə Milli Komissiyanın bir çox dövlət qurumları və ictimai təşkilatlar, eləcə də UNESCO və üzv dövlətlər ilə birgə qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə səmərəli əməkdaşlıq etdiyini bildirib. Azərbaycanın UNESCO dəyərlərinə sadiq olduğunu vurğulayan nazir E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu qurum ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əlaqələr qurduğunu bildirib. Nazir deyib ki, bunun nəticəsi olaraq Azərbaycan UNESCO-nun nüfuzlu üzvünə və donor ölkəsinə çevrilib.

Azərbaycan-UNESCO ikitərəfli əməkdaşlığına toxunan E.Məmmədyarov bu münasibətlərin daha da intensiv və dinamik səviyyəyə çatdırılmasında Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolundan danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəmizin 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və bu işğal nəticəsində Azərbaycana məxsus olan tarixi və mədəni abidələrin, məktəblərin və kitabxanaların, eyni zamanda, məscidlər və məzarlıqların qəsdən məhv edildiyini söyləyib. Nazir Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən bu mənfur əməllərin daim UNESCO qarşısında qaldırıldığını xüsusi olaraq qonaqların diqqətinə çatdırıb.

Sonda E.Məmmədyarov Azərbaycanın UNESCO ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək deyib: “UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO- nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda dolma hazırlama və paylaşma ənənəsindən başqa, Azərbaycanın muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Bu gün UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir”. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib ki, İkinci Dünya müharibəsindən sonra yaradılan UNESCO ötən müddət ərzində dünyada sülhün qorunmasına öz töhfəsini verib. Bu beynəlxalq qurum millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirir. Akademik bildirib ki, Azərbaycan ilə UNESCO arasında əlaqələrin mühüm dövrü ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanın mədəni irsinin təbliği istiqamətində gördüyü işlər ölkəmizin mədəni-sosial həyatında öz təsirini göstərməkdədir.

Azərbaycan-UNESCO əlaqələri çərçivəsində ötən illər ərzində elm sahəsində görülən işlərdən danışan AMEA-nın prezidenti reallaşdırılan layihələrdən, təşkil olunan tədbirlərdən və alimlərimizin beynəlxalq arenada qazandığı uğurlardan söz açıb.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədr müavini, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasında xüsusi əməyi olan Mehriban Əliyevanın gördüyü işlərə toxunaraq söyləyib: “Mehriban xanımın Azərbaycanda və xarici ölkələrdə təhsil və mədəniyyətlərarası dialoqa verdiyi önəm UNESCO tərəfindən xüsusi qiymətləndirilir”.

Nazir əlavə edib ki, informasiya və kommunikasiya texnologiyaları iqtisadi və sosial inkişafın bütün aspektləri ilə sıx bağlıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi UNESCO ilə İKT sahəsində BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları prioritet sahə elan olunub. UNESCO-nun İKT ilə bağlı proqramlarından irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə bir sıra layihələr həyata keçirilib. Bunların sırasında muzeylərin rəqəmsallaşdırılmasını, gözdən əlillər üçün səsli kitabxana layihəsinin həyata keçirilməsini qeyd etmək olar. Nazirliyimiz UNESCO-nun Bakıda keçirilən tədbirlərində iştirak edir və onlara fəal dəstək verir. Azərbaycanda məktəblərin təmirindən, yeni təhsil komplekslərinin inşa edilib istifadəyə verilməsindən və müasir avadanlıqlarla təmin olunmasından söhbət açan təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov tədris prosesində müasir texnologiyalardan istifadə edən təcrübəli müəllimlərin sayının artırılmasının, pedaqoji kadrların biliklərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə UNESCO–nun xüsusi rolunu qeyd edib. Respublikamızda təhsilin inkişafında, məktəblərin təmirində və yeni məktəblərin tikilib istifadəyə verilməsində Heydər Əliyev Fondunun gördüyü işlərə diqqət çəkən C.Bayramov deyib ki, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətləri sayəsində təhsil sahəsində Azərbaycan ilə UNESCO arasında yaranmış əməkdaşlıq uğurla davam etdirilir.

Ceyhun Bayramov Azərbaycanda təhsilin daha da inkişaf etdirilməsi ilə bağlı UNESCO tərəfindən atılan addımlara və aparılan islahatlara bundan sonra da
hər cür dəstək veriləcəyini qeyd edib. Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək 25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. İdarə Heyətinin sədri dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan UNESCO-ya 25 il əvvəl üzv olan ölkəmizin bu müddət ərzində qurumla səmərəli əməkdaşlığından, tariximizin təbliği baxımından bu təşkilatla əməkdaşlığa verilən önəmdən, mədəni irsimizin qorunması baxımından dövlət tərəfindən atılan addımlardan, habelə UNESCO ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşan beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb. Yubiley tədbiri Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri- maddi mədəni irs nümunələrinə həsr olunmuş sərginin nümayişi və UNESCO- nun Yubileylər Proqramına daxil edilmiş Azərbaycanın görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar şairin qəzəllərinə bəstələnmiş əsərlərdən ibarət konsert proqramı ilə davam edib.

https://azertag.az/xeber/Bakida_Azerbaycanin_UNESCO_ya_uzvluyunun_25_illiyi_qeyd_olunub_YENILANIB_2_VIDEO-1122428