Azərbaycan fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı nadir məkandır

Azərbaycan fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı nadir məkandır
 

Tbilisidə “Mədəniyyət sahəsində dialoq və inkişaf üçün ümumi irs” mövzusunda beynəlxalq konfrans keçirilib.

UNESCO üzrə Gürcüstanın Milli Komissiyasının və Gürcüstanın Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycan, Gürcüstan və Almaniyanın akademik və mədəni dairələrinin təmsilçiləri, ölkəmizin Tbilisidəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq bir sıra tədbirlərin və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, cari il noyabrın 23-də Parisdə UNESCO-nun mənzil-qərargahında yubiley tədbirinin keçirildiyini vurğulayıb.

Elnur Sultanov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunmasının Azərbaycan və Gürcüstan tərəfindən Almaniyanın dəstəyi ilə UNESCO-nun 2016-2017- ci illər üçün Yubileylər Proqramına daxil edilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda tarixən alman ailələrinin məskunlaşmasının ölkəmizdə əsrlər boyu hökm sürən multikultural mühitin və dini tolerantlığın bir nümunəsi olaraq alman mədəni irsinin qorunub saxlanılması üzrə Azərbaycan hökumətinin gördüyü işlərdən danışıb. Baş katib vurğulayıb ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan dünya dinlərinin sülh şəraitində birgə yaşadığı və fərqli mədəniyyətlərin dəyərlərinin və ənənələrinin bir-birini harmonik tamamladığı nadir bir məkandır. Dövlət siyasətinin prioriteti olan multikulturalizmin tərəfdarı kimi ölkəmiz bu sahədə zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək üçün öz səylərini əsirgəmir.

Azərbaycan Respublikası ilə UNESCO arasındakı əməkdaşlıqdan söz açan Elnur Sultanov bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyinin qeyd edildiyini bildirib. O, ölkəmizin bu təşkilatla mədəniyyətlərarası dialoqun təşviqi üçün gördüyü işlərdən, bu istiqamətdə həyata keçirilən “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb. Baş katib Prezident İlham Əliyevin 2018-ci ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair Sərəncamı haqqında da məlumat verib.

Elnur Sultanov Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESCO- nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha intensiv və dinamik səviyyəyə çatmasına, sülh və təhlükəsizlik ideyalarının təşviqi üzrə tərəfdaşlığın yeni üfüqlərinə nail olunmasına dəyərli töhfələrini xüsusi vurğulayıb.

Sonda baş katib hazırkı konfransın Azərbaycan, Gürcüstan və Almaniya arasında akademik mübadiləyə və mədəniyyətlərin daha da yaxınlaşmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Konfransda AMEA-nın Tarix İnstitutunun əməkdaşı İkram Ağasıyev “Azərbaycanda alman koloniyalarında yerli əhali ilə əlaqələri” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Fəridə Qasımovanın “Azərbaycanda alman arxitekturaları irsi” mövzusunda məruzələri dinlənilib.

https://azertag.az/xeber/Azerbaycan_ferqli_dinlerin_ve_medeniyyetlerin_numayendelerinin_sulh_seraitinde_birge_yasadigi_nadir_mekandir-1121485