Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının gücləndirilməsi ilə bağlı layihə yekunlaşıb

 

Dekabrın 7-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNESCO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” layihəsinin yekununa dair konfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova konfransda çıxış edərək layihəyə sentyabrın 1-də start verildiyini xatırladıb. O deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd natamam təhsilli qaçqın və məcburi köçkün qızların müxtəlif sahələr (kompüter, müasir texniki avadanlıqlardan istifadə, qadın hüquqları ilə bağlı qanunvericilik üzrə məlumatlılığın artırılması və s.) üzrə bilik səviyyələrinin artırılması, cəmiyyətə inteqrasiyanın reallaşdırılması, bilavasitə qızların erkən nikahın qurbanına çevrilməsinin qarşısının alınmasıdır. Layihə çərçivəsində qaçqın və məcburi köçkün qızlara kompüter bilikləri üzrə kurslar keçirilib. Qızlar kompüter proqramlarında çalışmaq, axtarış sistemlərindən istifadə etmək və s. məlumatlara yiyələniblər. Eyni zamanda, öyrənilən bilikləri möhkəmləndirmək üçün qızlar printer, surətçıxarma qurğusu, skaner, modem və digər avadanlıqlardan istifadə edərək təcrübələrini daha da artırıblar. Bundan əlavə, qızlara məşğulluq üzrə mütəxəssis tərəfindən CV-nin hazırlanması, işəgötürən ilə müsahibəyə hazırlıq və s. kimi məsələlər də öyrədilib.

Qeyd olunub ki, layihə çərçivəsində qaçqın və məcburi köçkün qızlara və onların ailə üzvlərinə “CEDAW Konvensiyası və onun əlavə protokolu”, “Məişət zorakılığının qarşısının alınması”, “Azərbaycan Respublikasında gender bərabərliyi və milli qanunvericilik”, “Erkən nikahların qarşısının alınması”, “Qadınların səlahiyyətləndirilməsi”, “İnsan alverinə qarşı mübarizə”, “Qadınların əmək hüququ” mövzuları üzrə təlimlər təşkil olunub. Hər bir təlim zamanı müvafiq olaraq maarifləndirici broşürlər hazırlanıb və paylanılıb.

Sonra tədbirdə “Gender və İnsan Hüquqları” İctimai Birliyinin sədri Rəna Mirzəzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı İlahə Sadıqova çıxış ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan ilə UNESCO uzun illərdir sıx əməkdaşlıq edir. Ölkəmizdə bir sıra istiqamətlərdə müxtəlif layihələr həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Ona görə də bu gün Azərbaycanda qadınların hüquqlarının qorunması, onlara qarşı zorakılığın qarşısının alınması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən xüsusi qeyd olunur. Ölkəmizin UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda çox yüksək səviyyədədir.

Daha sonra kompüter kurslarını bitirən qızlara sertifikatlar təqdim olunub.