Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub

Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, bu nüfuzlu tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib. Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib.

Bildirib ki, bu tədbirin tarixi 30 il əvvəl - 1983-cü ildə Bakıda YUNESKO-nun himayəsi ilə keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpoziuma gedib çıxır. Bundan öncəki simpoziumun YUNESKO-nun baş qərargahında - Parisdə keçirildiyini deyən nazir vurğulayıb ki, qeyd edilən tədbir görkəmli xalçaçı- rəssam Lətif Kərimovun 100 illiyinə həsr edilmişdi. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və ölkəmizdə dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaradılmasından söz açıb.
Qeyd edilib ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birgə müvafiq tədbirlər planı hazırlanıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.

Xalçaçılıq sahəsində əldə olunan uğurlardan söz açan nazir deyib ki, Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib. Hazırda Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir. Simpoziumun dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcəyini deyən Ə.Qarayev bu önəmli tədbirin işinə elmi-tədqiqat institutlarının və muzeylərin aktiv cəlb edilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir.

https://azertag.az/xeber/1103701