Bakıda Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illiyi qeyd edilir
2017-06-13İyunun 13-də Bakıda Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans işinə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Rüfət Nuriyev, AMEA-nın prezidenti,akademik Akif Əlizadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər tədbirdə iştirak və çıxış etmişlər.
Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illiyi münasibətilə qoruğun bir qrup əməkdaşı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. İki gün davam edəcək konfransda Qobustanın tarixinə dair məruzələr dinləniləcək.
Konfransda, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə qoruğun əməkdaşları tərəfindən aparılan tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatının keçirilməsi nəzərdə tutulur.
“Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” konfransının iştirakçıları daha sonra Qobustan Qoruğunda olmuşlar. İlk olaraq, qonaqlar çoxsaylı arxeoloji tapıntılarınnümayiş olunduğu Qobustan Muzeyi ilə tanış olmuşlar. Daha sonra qonaqlar açıq havada qoruğun tarixini əks etdirən video-çarxı, “Yallı” konsert proqramı izləmişlər.