IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO iki mühüm tədbir keçirməkdən məmnundur
2017-05-05IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO iki mühüm tədbir keçirməkdən məmnundur. Bunlardan biri UNESCO-nun mədəniyyətlərarası və dinlərarsı kafedralarının 2-ci akademik forumu, digəri UNESCO İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsini 3-cü toplantısıdır. Hər iki tədbir məhsuldar müzakirələrlə başlandı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Nashif deyib.
“UNESCO-nun mədəniyyətlərarası və dinlərarsı kafedralarının 2-ci akademik forumunun əhəmiyyəti ondan ibarətdir ki, biz bu tədbirin ənənəsini Bakıda ilk dəfə 2015-ci ildə III Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qoymuşuq. Bu gün 2-ci akademik forumun keçirilməsi özlüyündə tədbirin əhəmiyyətini göstərir. Bu gün biz 1-ci akademik forumdan keçən müddətdə görülən işləri müzakirə etdik. Qeyd edim ki, bu haqda biz kitab da hazırlamışıq. Tədbirdə, həmçinin gələcək işlərimizi planlaşdırırıq”,- deyə Nada əl-Nashif bildirib.
O deyib: "UNESCO-nun hər iki tədbirinin təşkilinə Azərbaycan dövləti böyük dəstək verdi. Biz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirir və təşkilatdan 25 nəfər buradadır".
Akademik forumun çox çağırışlarla dolu keşməkeşli bir zamanda keçirildiyini deyən Nada əl-Nashif IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu problemlərin həlli yolunda mühüm bir fürsət kimi qiymətləndirib.