“Qadınlar yaradır” layihəsinin icrasına başlanılıb
2017-06-05“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi (İB) UNESCO-nun maliyyə dəstəyi ilə “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tövsiyəsi ilə həyata keçirilən layihə çərçivəsində 17 gənc ədib və 17 gənc rəssam qadının iştirakı ilə dörd günlük seminarların təşkili nəzərdə tutulur. Seminarlara ABŞ-ın Kaliforniya Dövlət Universitetinin müəllimi, şair- tərcüməçi Əlison Məndəvil və İB-nin sədri Şəhla Nağıyeva rəhbərlik edir.
Ötən həftənin şənbə günü Bakıda fəaliyyət göstərən Talent stido da öz işinə başlayan ilk seminarda gənc yaradıcı qadınların müxtəlif mövzularda diskussiyaları təşkil edilib, yazıçı ilə rəssamın birgə təxəyyülünün məhsulu olan əsərlərin yaradılması barədə fikir mübadiləsi aparılıb.
Növbəti seminarlar zamanı müasir Azərbaycan qadınının iş yerləri və ictimai fəaliyyət sahəsində qazandığı uğurlar, eləcə də cəmiyyət qarşısındakı öhdəlikləri barədə müzakirələr aparılacaq və gənclər mövzuya öz yaradıcı baxışlarını yeni əsərlərində əks etdirəcəklər.
Bu ilin payızında layihə başa çatarkən seminarlarda müzakirələr zamanı yaradılan rəsmlərin sərgisi və bədii nümunələrin oxu gecəsi təşkil ediləcək. Layihənin yekununda ingilis dilinə tərcümə ediləcək həmin əsərlər və seminarlar zamanı çəkilən rəsmlərdən ibarət kitab-albom nəşr olunacaq.
Kitab-albom nümunələri Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə hədiyyə ediləcək. Onun ABŞ-da yayılması da təmin olunacaq və kitabın elektron versiyası internet resurslarında yerləşdiriləcək.
İB-nin sədri Şəhla Nağıyeva bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ölkəmizdə gender bərabərliyi məsələsini qabartmaq, gənc qadınların yaradıcı potensialının inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, “Qadınlar yaradır” layihəsi UNESCO-nun “Üzv dövlətlərin 2016- 2017-ci illər üzrə İştirak Proqramı” (“Programme of Participation in the activities of Member States for 2016-2017”) çərçivəsində həyata keçirilir.