“Mədəniyyət, şüur və ailədə gender problemləri” - beynəlxalq seminar

“Mədəniyyət, şüur və ailədə gender problemləri” - beynəlxalq seminar
 

Link: https://azertag.az/

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, Türkiyə Atatürk Universiteti və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “Mədəniyyət, şüur və ailədə gender problemləri” mövzusunda birgə beynəlxalq seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Seminarda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə ailənin bir institut kimi müxtəlif cəmiyyətlərdə mühüm yer tutduğunu, lakin tədqiqat obyekti kimi çox mürəkkəb olduğunu, yeni yanaşmaların vacibliyini vurğulayıb.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının nümayəndəsi Emil Əhmədov seminarın bütün iştirakçılar üçün faydalı olacağını və ekspertlərin iştirakı ilə səmərəli müzakirələr aparılacağını və bu layihədə iştirak edən təşkilatlar arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasına zəmin yaradacağını bildirib.

Seminarda Atatürk Universitetinin İqtisadiyyat departamentinin müdiri professor Kərəm Karabulut “Ailənin gender bərabərliyində təhsilin rolu”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisi Aytəkin Hacıyeva “Azərbaycanda mövcud vəziyyət: problemlər, perspektivlər”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini professor Boqdana Todorova “Müasir gender tədqiqatlarında ailənin sosioloji problemləri”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir fəlsəfənin problemləri şöbəsinin aparıcı elmi işçisi dosent Zeynəddin Şabanov “Cəmiyyət gender mədəniyyəti müstəvisində” mövzularında məruzə ilə çıxış ediblər. Həmçinin Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini dosent Albena Nakova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - Faiq Ələkbərli, Günel Məlikli, Samirə Dadaşova, Sevinc Həsənova, Zöhrə Əliyeva və Ceyran Hüseynlinin mövzu üzrə məruzələri dinlənilib.