“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Reprezentativ Siyahısına daxil edilməsi haqqında sertifikatın təqdimatı olub
2022-04-26Link: https://azertag.az/
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Naxçıvan Muxtar Respublikasında səfərdədir. Səfər çərçivəsində “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezantativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatın təqdimatı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Şərur Xalq Yallı Ansamblının ifasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil olan “Köçəri” və “Tənzərə” yallıları ifa olunub.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan - Şərur el yallıları” kitabı nəşr olunub. Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir. Naxçıvanda Yallı qrupları, xüsusilə də Şərur Xalq Yallı Ansamblı bu gün bu mədəni irsimizi qoruyub yaşadır və təbliğ edir. 15 üzvü olan ansambl hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Ansambl qastrol səfərlərində olur, keçirilən mədəni-kütləvi tədbirlərdə, Yallı festivallarında iştirak edir. Kollektivin fəaliyyəti qiymətləndirilib, mükafatlara layiq görülüb. Yallıların tədqiqi və araşdırılması istiqamətində də işlər aparılıb. Məlum olub ki, Şərur yallılarının 90-dan çox növü var. Onların da 40-a yaxını Şərur Xalq Yallı Ansamblının repertuarına daxil edilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, 2018-ci il 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti - 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bununla da Şərur yallılarının beynəlxalq müstəvidə tanıdılmasına və təbliğinə şərait yaranıb.
Bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da mədəniyyətimizin inkişafına, tanıdılmasına və təbliğinə xüsusi diqqət yetirilir, bu sahədə ardıcıl tədbirlər görülür. Qeyd olunub ki, Şərur yallıları xalqımızın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri və ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Nazir Bakıda keçiriləcək folklor festivallarında Naxçıvan folklorunun da təbliğ olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezantativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı Şərur Xalq Yallı Ansamblına təqdim edib.
Sonra Heydər Əliyev Sarayı ilə tanışlıq olub