Xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Link: https://azertag.az/

Sentyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Seri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Hedva Serin dünyada sülh naminə fəaliyyətini və bu xüsusda həyata keçirdiyi çoxsaylı layihələri məmnunluqla vurğulayıb. O, Azərbaycan və Andorranın UNESCO üzrə Milli komissiyaları, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən Şuşada həyata keçirilən “Youth Art Camp” layihəsinə olan diqqətinə görə Hedva Serə təşəkkürünü ifadə edib. Şuşanın Azərbaycan üçün əhəmiyyətini vurğulayan nazir şəhərin azad edilməsindən sonra burada həyata keçirilən quruculuq işləri, habelə çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın müstəqilliyinin ilk günlərindən təcavüz siyasəti ilə üzləşdiyini, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə ərazilərini işğaldan azad etdiyini və hazırda beynəlxalq hüquq əsasında münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində səylər göstərdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Hedva Ser səmimi görüşə görə təşəkkür edib. O, bu il ərzində Azərbaycana üçüncü səfərini reallaşdırdığını məmnunluqla vurğulayıb. Azərbaycandakı tolerantlıq, müxtəlif dinlərin və etnik qrupların bir arada sülh şəraitində yaşamaq ənənəsini yüksək qiymətləndirdiyini söyləyib. UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi “Sülhə gedən yol” layihəsindən bəhs edərək, Azərbaycanın buna dəstək verdiyini minnətdarlıqla bildirib və bu xüsusda hələ 2015-ci ildə Bakıda müəllifi olduğu sülh abidəsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə ucaldıldığını qeyd edib.

Görüş zamanı Azərbaycan tərəfindən humanitar sahədə, o cümlədən elmin, təhsilin, mədəniyyətin inkişafı istiqamətində görülən işlər, eləcə də inkişaf etməkdə olan ölkələrin tələbələrinə təhsil qrantlarının, habelə bu ölkələrə humanitar yardımların ayrılması və s. barədə fikir mübadiləsi aparılıb.