UNESCO: Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 15-ci sessiyası işə başlayıb
2022-02-08Link: https://azertag.az/
UNESCO-nun baş qərargahında qurumun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 15-ci sessiyası onlayn formatda işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi təmsil edir.
Sessiya çərçivəsində 2022-2023-cü illər üçün gələcək iş planına dair qərar qəbul olunacaq, tərəflərin dövrü hesabatları dinləniləcək. Beynəlxalq Mədəni Müxtəliflik Fondunun (IFCD) icrasına baxılacaq və onun 12-ci çağırışı çərçivəsində Fonda təqdim olunmuş yeni layihələrin maliyyələşdirilməsi təsdiqlənəcək. Həmçinin Hökumətlərarası Komitə IFCD-nin resurslarından istifadəyə dair təlimatların ilkin təftiş layihəsini, eləcə də mikro, kiçik və orta mədəniyyət və yaradıcı müəssisələrlə müntəzəm məsləhətləşmə mexanizminin yaradılması üçün texniki-iqtisadi əsaslandırma haqqında hesabatı müzakirə edəcək. O, vətəndaş cəmiyyəti təşkilatlarının üçüncü Forumunun nəticələrini nəzərdən keçirməklə 2005-ci il Konvensiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirmək vasitələrinə baxacaq.
Sessiyada Azərbaycan nümayəndələri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
Xatırladaq ki, Azərbaycan Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin üzvüdür.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris