UNESCO üzrə Milli komissiyaların baş katibləri Xalça Muzeyində olublar
2023-04-07Link: https://azertag.az/
Bakıda ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən təlim proqramına qatılan Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, “Mədəniyyətlərarası dialoq və Azərbaycan xalçaçılıq sənəti” mövzusunda çıxış edən Şirin Məlikova qonaqlara muzey tərəfindən 28 ölkənin 82 muzeyində saxlanılan 1000-dən artıq Azərbaycan xalçasının elektron bazası haqqında məlumat verib. Belə geniş coğrafiyada yayılmış unikal sənət nümunələri, o cümlədən xalçaçılıq sənətinin inkişaf mərhələləri, istehsal məntəqələri, xüsusi ornament və kompozisiyaları və onların semantik mənası haqqında danışıb. O, sonda auditoriyanın suallarını cavablandırıb.
Qonaqlar daha sonra fransız dilində olan audiobələdçi vasitəsilə muzeyin ekspozisiyası ilə tanış olublar.
Onlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Sonra qonaqlar muzeydə yerləşən “Zərgərlik fondu” ilə tanış olublar. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.