UNESCO-nun mənzil qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiya üzrə Tərəflərin Konfransının 8-ci sessiyası keçirilir
2021-10-26Link: https://azertag.az/
UNESCO-nun mənzil qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiya üzrə Tərəflərin Konfransının (COP8) 8-ci sessiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, konvensiyanın iştirakçı dövlətləri və UNESCO-nun üzv dövlətləri iki ildən bir keçirilən bu nizamnamə konfransında iştirak edirlər.
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin diplomatları və Azərbaycan Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ölkəmizi 8-ci sessiyada təmsil edirlər.
COP8 sessiyası çərçivəsində COP7-dən sonra əldə edilmiş irəliləyişlər, eləcə də konvensiyanın həyata keçirilməsinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər müzakirə olunacaq. Sessiyada antidopinq əməliyyatları və strukturuna, eləcə də qlobal antidopinq sistemindəki dəyişikliklərə COVID-19 epidemiyasının təsiri ilə bağlı fikirlər dinləniləcək.
Səkkizinci sessiyada konvensiyanın idarə olunması, COP Bürosu və Antidopinq Fondunun Təsdiq Komitəsini dəstəkləyən yeni Müstəqil Ekspertlər Qrupuna seçkiləri, idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya əməl edilməməsinin nəticələrinə dair əməliyyat direktivləri və idmanda dopinqə qarşı beynəlxalq konvensiyanın nümunəvi qanunvericilik bazası, konvensiyanın monitorinqi və icrası, o cümlədən monitorinq sisteminin və mexanizmlərinin təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunacaq. Sessiyada Azərbaycan tərəfinin də çıxışı gözlənilir.
Sessiya oktyabrın 28-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris