“Şuşa İli – Zəfərimizin tarixi” məktəblilər üçün interaktiv muzey həftəsinə start verilib
2022-05-20Link: https://azertag.az/
Mayın 18-dən 24-dək “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində bu il seçilən “Şuşa İli – Zəfərimizin tarixi” adlı interaktiv proqrama start verilib. Proqram Təhsil Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir.>
Bu barədə AZƏRTAC-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, proqramın məqsədi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar tarixli Sərəncamına əsasən bu il Şuşa şəhərinin 270 illik yubileyinin qeyd edilməsi ilə bağlı xalqımızın çoxəsrlik ənənələrə malik qəhrəmanlığını, vətənpərvərliyini, fədakarlığını, tarixi irsimizə, milli-mənəvi dəyərlərə bağlılığını təbliğ etmək, həmçinin məktəblilərin Şuşada və Bakıda fəaliyyət göstərən bir sıra tarixi abidələrin və muzeylərin kolleksiya fondu ilə tanış olmasıdır.>
Proqram çərçivəsində hər gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Şuşa qalasına, Bülbülün ev-muzeyinə (Şuşa), Heydər Əliyev Mərkəzinə, AMEA Milli Azərbaycan Tarixi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı, Xalça, İncəsənət, İstiqlal, Xalq Təhsili, Hərb Tarixi, Musiqi Mədəniyyəti muzeylərinə ekskursiyalar təşkil ediləcək. Məktəblilərin, həmçinin Tusi-Bohm Planetariuma, Üzeyir Hacıbəylinin, Bülbülün, Qara Qarayevin ev-muzeylərinə ekskursiyaları təşkil olunacaq. Muzeylərin bələdçiləri şagirdlərə qorunan və ekspozisiyada nümayiş olunan eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat verəcəklər.>
“Şuşa İli – Zəfərimizin tarixi” adlı interaktiv proqramın onlayn formatda keçirilən açılış mərasimində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-adə, Əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin aparıcı mütəxəssisi Həlimə Tağıyeva, Şuşa şəhəri Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Nəsibə Eyvazova çıxış ediblər.>
“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Şuşa İli – Zəfərimizin tarixi” adlı interaktiv proqramında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Şuşada Bülbülün ev muzeyinə və Şuşa qalasına onlayn ekskursiya təşkil olunub.>
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.>
Qeyd edək ki, mayın 18-i dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 18-dən 24-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə “Muzey həftəsi” keçirilir.