Nazir müavini UNESCO-nun Qlobal Təhsil Konfransında çıxış edib

 

Link: https://azertag.az/

Təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO-nun təşkilatçılığı ilə keçirilmiş “Nifrət nitqinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda qlobal təhsil konfransında çıxış edib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, UNESCO-nun baş direktoru Odre Azule, 40-a yaxın ölkənin təhsil üzrə rəhbər şəxsləri iştirak edib.

Konfransda çıxış edən Muxtar Məmmədov ölkəmizdə multikulturalizm ənənələrinin və tolerantlığın təşviqi istiqamətində təhsil sahəsində görülən işlər barədə məlumat verib, postmünaqişə dövründə regionda sülhün möhkəmləndirilməsi, qarşılıqlı hörmətin təşviqi istiqamətində təhsil sisteminin töhfələrindən yararlanmağın vacibliyini vurğulayıb.

Nazir müavini, həmçinin qeyd edib ki, ötən il soydaşlarımız Ermənistan dövləti və diasporunun dəstəyi ilə internet resursları üzərindən həyata keçirilmiş nifrət nitqi kampaniyasının hədəfi olub. Bu mənada multikultural Azərbaycandan fərqli olaraq Ermənistan digər millətin nümayəndələrinə qarşı nifrət nitqi və dözümsüzlüyü təbliğ edən dövlət olaraq qalmaqdadır.