Milli Məclisdə UNESCO üzrə milli komissiyaların baş katibləri ilə görüş olub
2023-04-05Link: https://azertag.az/
Aprelin 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin sədr müavini Sevinc Fətəliyeva ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən təlim proqramında iştirak edən UNESCO üzrə milli komissiyaların baş katibləri ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Səməd Seyidov qonaqların qatıldığı təlim proqramının əhəmiyyətini diqqətə çatdırıb, burada əldə etdikləri təcrübənin gələcək fəaliyyətlərində faydalı olacağını söyləyib.
Sonra komitə sədri Azərbaycan parlamentinin tərkibi, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib. Milli Məclisin komitə və komissiyalarının istiqamətləri, qanun yaradıcılığı sahəsində gördükləri işlərdən danışıb. O, parlamentdə müxtəlif partiyaların nümayəndələrinin təmsil olunduğunu, iqtidar partiyası ilə yanaşı, müxalifət partiyalarından olan və bitərəf deputatların da Milli Məclisin və onun komitələrinin rəhbərliyində təmsil olunduğunu qeyd edib. Səməd Seyidov, bununla yanaşı, parlamentdə gender bərabərliyinin təmin edildiyini, Milli Məclisdə çox sayda qadın deputatın olduğunu diqqətə çatdırıb. O, parlamentin sədri və digər rəhbər vəzifələrin qadınlara həvalə olunduğunu bildirib.
Diqqətə çatdırılıb ki, parlament beynəlxalq əməkdaşlığın inkişafına böyük önəm verir. Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları mövcuddur. Bununla yanaşı, deputatlarımız bir sıra mötəbər beynəlxalq qurumlarda səmərəli fəaliyyət göstərir, Azərbaycanın mövqeyini geniş ictimaiyyətə çatdırırlar.
Görüşdə çıxış edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, qədim tarixə, zəngin mədəni irsə malik Azərbaycanda sabitlik təmin olunub. O, bu gün Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, bir çox sahələrdə uğurlar qazandıqlarını deyib. Sevinc Fətəliyeva Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verildiyini, ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələrinin birgə, dinc şəraitdə yaşadığını söyləyib.
Deputat qonaqlara 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsi, hazırda bu ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi barədə danışıb.
Görüşdə iştirak edən Benin, Niger, Toqo, Burkina-Faso, Qvineya, Qabon, Cibuti, Kot-d’İvuar, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineyanın UNESCO üzrə milli komissiyalarının baş katibləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, Azərbaycanda gördüklərindən, burada keçirdikləri görüşlərdən xoş təəssüratlarını bölüşüblər.
Sonra qonaqlar Azərbaycan parlamentinin fəaliyyəti, ölkəmizdə seçicilərin fəallığı, milli azlıqların nümayəndələrinin parlamentdə təmsil olunması, diaspor fəaliyyəti və digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Komitə sədri Səməd Seyidov və deputat Sevinc Fətəliyeva verilən sualları ətraflı cavablandırıblar.