Milli Məclisdə "Diplomatiyada parlamentin rolu" mövzusunda müzakirələr aparılıb

Link: https://azertag.az/

Sentyabrın 29-da Milli Məclisdə deputatlar Səməd Seyidov, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Asim Mollazadə ilə UNESCO-nun Afrikanın müxtəlif ölkələrindən olan məsul şəxsləri arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Diplomatiyada parlamentin rolu” mövzusuna həsr olunan görüş ADA Universiteti və Azərbaycanın UNESCO üzrə Milli Komissiyası ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Tədbiri açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları salamlayaraq, Azərbaycan parlamenti, siyasi partiyaların, qadınların, millətlərin parlamentdə təmsilçiliyi barədə məlumat verib.

Parlament diplomatiyasının müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətini qeyd edən Səməd Seyidov Azərbaycanın qlobal miqyasda parlamentlərarası əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. O, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsinin təsis edilməsindən və Parlament Şəbəkəsinin Bakıda keçirilən ilk konfransından söz açıb. Komitə sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq diplomatiyada parlamentlərin rolunun artırılması istiqamətində əhəmiyyətindən danışıb.

Səməd Seyidov, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını azad etməsindən danışaraq, Ermənistanın 30 illik işğalının acı nəticələrinin aradan qaldırılması, regionda sülhün və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ölkəmizin gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və komitə üzvü Asim Mollazadə də çıxış ediblər. Deputatlar Azərbaycanın mədəni, dini və etnik müxtəlifliyi əsrlərdir qoruyub saxlamasından, onun tolerantlıq ənənələrindən danışıblar. Bildirilib ki, Şərqdə ilk parlament, ilk demokratik, hüquqi və dünyəvi dövlət məhz Azərbaycanda elan edilib, qadınlara seçmək və seçilmək hüququ verilib. Qonaqlara Milli Məclisin beynəlxalq təşkilatlarda iştirakı, parlamentdə fəaliyyət göstərən dostluq qrupları barədə məlumat verilib.

Sonra Səməd Seyidov, Asim Mollazadə və Sevinc Fətəliyeva beynəlxalq əməkdaşlıq, diplomatiyada parlamentlərin rolu və parlament diplomatiyasının imkanları kimi mövzularda qonaqların suallarını cavablandırıblar. Deputatlar diplomatiyanın müasir tendensiyaları, diplomatiyada parlamentin rolu, Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.