Mediatur iştirakçıları: Naxçıvan UNESCO-nun ilkin siyahısına salınacaq tarixi abidələrlə, turizm potensialı ilə zəngin diyardır

Link: https://azertag.az/

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi muxtar respublikaya mediatur təşkil edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşları və media nümayəndələrinin iştirakı ilə keçirilən turda iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun türbəsi və Açıq Səma Altında Muzey Kompleksində olublar. Dünya memarlığının nadir nümunəsi və Naxçıvan dövlətçilik tarixinin nişanəsi olan, hələ XII əsrdə türk qadınına verilən dəyərin rəmzi sayılan Möminə Xatun məqbərəsi mediatur iştirakçılarının böyük marağına səbəb olub, qarşısında xatirə şəkli çəkdirilib. Daha sonra Əlincəqala, Xanəgah Memarlıq Kompleksinə baş çəkib və Haçadağı seyr ediblər. Mediatur iştirakçıları Biznes Mərkəzi ilə də tanış olublar.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səfərin məqsədilə əlaqədar məlumat verərək bildirib ki, bu, Naxçıvana ilk səfəri deyil. Dövlət Turizm Agentliyi olaraq mütəmadi şəkildə burada olur və təcrübə mübadiləsi aparırıq. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin fəal iştirakı ilə təşkil edilən növbəti mediatur da bu məqsədə xidmət edir. Naxçıvanın böyük turizm potensialı var, əsas məqsəd də bu potensialı nəinki bütün Azərbaycana, dünyaya tanıtmaqdır. Bu gün buraya ölkədə fəaliyyət göstərən müxtəlif media nümayəndələri də gəliblər. Onların əhəmiyyətli coğrafi imkanlara, turizm potensialına malik bir diyarı kifayət qədər tanıyacaqlarına və tanıdacaqlarına əminik. Burada müxtəlif istiqamətlər var. Bu gün Dövlət Turizm Agentliyi təkcə turizm potensialını deyil, həmçinin mədəni irsi də araşdırır. Buna görə də bizimlə birgə mütəxəssislər də burada iştirak edirlər. Naxçıvanda UNESCO-nun ilkin siyahısına düşəcək abidələr var. Bununla bağlı fəaliyyət göstəriləcək və gələcəkdə həmin siyahıya salınması üçün Möminə Xatun türbəsi və Ordubad qoruğu haqqında araşdırmalar aparılacaq.

Fuad Nağıyev qeyd edib ki, pandemiya turizm sahəsindən də yan keçməyib. Naxçıvanın istənilən ölkədən gələcək turistləri qarşılamağa hazır olduğunu bildirən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri deyib: “Qeyd etdiyim kimi, buraya birinci səfərim deyil. Hər dəfə gələndə yaxşı inkişaf etmiş şəhər, təmiz küçələr, infrastruktur diqqətimi çəkir. Sonda turun yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid isə vurğulayıb ki, Naxçıvana Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun əsas komanda heyəti səfər edib. “İstəyirik ki, onların hər biri turizm eksperti kimi Naxçıvanı görsün və buradakı turizm xidmətləri ilə daha yaxından tanış olsunlar. Bununla yanaşı, Naxçıvanda olan həmkarlarımızla birlikdə müzakirə edək ki, Naxçıvanın turizm potensialını daha yüksək formada necə təbliğ edə bilərik. Həqiqətən də, bu diyarın mühüm turizm potensialı var. Burada yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qısa bir zamanda burda olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyacımız olan təmiz havası oldu”, - deyə Florian Zenqstşmid bildirib.

Azərbaycan Turizm Bürosunun Sənaye birlikləri üzrə meneceri Səkinə Əsgərova qeyd edib ki, xəritəyə baxdıqda Azərbaycanı Şərqdən-Qərbə doğru qanad çalan məğrur qartal kimi görürük. Tarixi İpək Yolunun incisi olan, ölkəmizin bir qanadı da qədim Kiçik Qafqaz dağlarının Zəngəzur, Dərələyəz silsiləsi ilə mühafizə edilən cahanın nəqşi Naxçıvandır. Sahib olduğu təkrarsız geoloji və təbii quruluş onun həm vizual landşaftının, həm də təklif etdiyi müxtəlif sahələr üzrə turizm xidmətlərinin unikallığına zəmin yaradır. İlk dəfə regionda qadının şərəfinə abidə ucaldan Naxçıvan, yaşı mini ötən bir çox abidənin yurdudur. Naxçıvan Nuh yurdudur. Necə deyərlər, ölkəmizin ən isti və ən soyuq nöqtələri ilə sahib olduğu kontinental iqlimin yaratdığı biomüxtəliflik nümunələri və kulinariya ənənələri ilə istər yerli, istərsə də əcnəbi turistlərin diqqətini çəkməyi bacarıb. Naxçıvan qədim tarixi abidələrinin zənginliyinə görə də tanınır. Əsas məsələ mindən çox yaşı olan tarixi turizm obyektlərinin necə qorunub saxlanılmasıdır. Buraya gələn turistlərin diqqətini çəkən məqam isə qədim abidələrin əvvəlki kimi restavrasiya edilməsidir. Həmçinin beynəlxalq forumlarda, Ümumdünya Turizm Təşkilatının görüşlərində insanların marağına səbəb olan məhz bu sadaladığım məqamlardır. Ona görə də bütün bu məsələlərin hamısı əvəzsiz turizm təcrübəsinin yaşadılmasına gətirib çıxardır. Son olaraq onu da vurğulayım ki, bu gün bizim üçün yaradılan şərait və tədbirin mükəmməl təşkili media nümayəndələrinin və həmkarlarımın da ürəyincə oldu, bizlərə əsl mənəvi zövq bəxş etdi”.