Dubayda Zəfər Günü münasibətilə tədbir təşkil olunub

Link: https://azertag.az/

Azərbaycan Respublikasının Dubaydakı Baş konsulluğunun inzibati binasinda 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Dubayda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, UNESCO üzrə Azərbaycan Respublikasinin Milli Komissiyasinin baş katibi Seymur Fətəliyev, bu şəhərdə yaşayan və təhsil alan soydaşlarımız, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən bəhs edib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti cəmi 44 gün ərzində Azərbaycan Ordusunun Zəfərini təmin edib, işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Azərbaycanın və Cənubi Qafqazın mədəniyyət mərkəzi olan qədim Şuşa şəhərinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyat isə dünya hərb tarixinə qızıl hərflərlə yazılıb.

Diplomat, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş müvəqqəti köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən “Böyük Qayıdış” proqramı, Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması üçün göstərdiyi səylər barədə ətraflı məlumat verib.

Sonra Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun konserti olub.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə