Budapeştdə azərbaycanlı tələbələrin iştirakı ilə “İki səs, bir sevgi” adlı şeir gecəsi keçirilib

Link: https://azertag.az/

Aprelin 3-də Azərbaycanın Macarıstandakı səfirliyində “İki səs, bir sevgi” adlı şeir gecəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə baş tutan tədbirdə Çexiyada yaşayan şairə və dramaturq Leyla Bəyim və YARAT Müasir İncəsənət Məkanında İctimai Proqramların rəhbəri, şairə və tərcüməçi Ülviyyə Axundova müəllifi olduqları şeirləri səsləndiriblər. Budapeştdə yaşayan gənc azərbaycanlı pianoçu Sona Ağarzayeva öz ifası ilə poeziya gecəsini müşayiət edib.

Tədbirdə Macarıstanın dövlət qurumları, mətbuat, ictimai-siyasi, elmi və mədəni dairələrinin, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun təmsilçiləri, Budapeşt şəhərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt