Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclası keçirilir

Link: https://azertag.az/

Aprelin 7-də Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclası keçirilir.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində reallaşan açılış mərasimində dövlət və hökumət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) nümayəndəsi, UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti, UNESCO üzrə Milli Komissiyaların baş katibləri və səfirlər iştirak ediblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək iclasın gündəliyi barədə məlumat verib, UNESCO Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti barədə danışıb.

O qeyd edib ki, qardaş Türkiyə və Mərkəzi Asiya ölkələrindən tədbirə qatılan nümayəndələr müzakirələrdə fəal iştirak edəcəklər: “Bu gün Bakıda müzakirələr keçirəcəyik, sabah isə Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtı olan Şuşaya gedəcəyik. İnanıram ki, tədbir iştirakçıları Azərbaycanın zəngin irsi ilə yaxından tanış olacaq və regionda mühüm əhəmiyyət kəsb edən mədəni-irsi məsələləri ilə bağlı müzakirələr aparacaqlar. Bu tədbirdə, həmçinin 10 ölkənin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri də iştirak edirlər və əminəm ki, bu iclas onlar üçün də faydalı və maraqlı keçəcək”.

Açılış mərasimində videoçıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə yaradılan maneələrdən danışıb. Nazir qeyd edib ki, bu maneələr Ermənistan tərəfindən yaradılıb. Onun sözlərinə görə, bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib.

Ceyhun Bayramov hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tikinti-quruculuq işlərinin sürətlə getdiyini deyərək görülən işlərlə bağlı məlumat verib. Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma prosesində Türkiyə şirkətləri fəal iştirak edirlər: “İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə minnətdarlığımızı bildiririk. Eyni zamanda, bildirmək istəyirəm ki, bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb”.

Nazir UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi məsələsini xüsusilə vurğulayıb: "Azərbaycanın təşəbbüsü ilə 16 martda Ankarada keçirilmiş TDT-nin Fövqəladə Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə də üzv ölkələrin liderləri UNESCO tərəfindən “Beynəlxalq Türk Dili Günü”nün elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq edib. Bu yöndə görülən işlərin müsbət nəticə verəcəyinə və “Beynəlxalq Türk Dili Günü”nün təsis olunmasının UNESCO Baş konfransının 42-ci sessiyasında təsdiqlənəcəyinə inamımızı ifadə edirik”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı bildirib ki, bu qədim türk yurdunda keçirilən mədəni tədbirlər “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi ilə məhdudlaşmayacaq. Şuşa yüksək ev sahibliyi, eləcə də bütün digər göstəriciləri ilə 2023-cü ildə beynəlxalq ictimaiyyətin nəzər və diqqətini türk dünyasına yönəldəcək.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, türk dövlətlərinin zəngin maddi və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında TÜRKSOY-un rolu əvəzolunmazdır. Geniş coğrafiyada yerləşən türk dövlətlərinin zəngin təbii irsinin mövcudluğu və bu sahədə birgə fəaliyyətin aparılması TÜRKSOY-u beynəlxalq miqyasda təbii irsimizin qorunmasında əsas təşkilatlardan biri edir.

“TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə Milli Komissiyalarının Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş 8-ci iclasında qəbul edilmiş qətnamələrdə qeyd olunan məsələlərin, xüsusilə təbii və mədəni irsin qorunmasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamaq istərdim. Azərbaycan Respublikası UNESCO ilə əməkdaşlığa 1992-ci ildən etibarən başlamış və bir çox sahələr üzrə uğurlu fəaliyyətlər həyata keçirilmişdir. Ötən dövr ərzində Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahısına daxil edilmiş və qlobal miqyasda öz layiqli yerini tutmuşdur. Biocoğrafi cəhətdən Azərbaycanın unikal bir ərazidə yerləşməsi və bunun nəticəsində müxtəlif ekosistemlərin formalaşması bizə bu ərazilərinin bəzilərinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsinə imkan yaradır. Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən meşə massividir. Bu meşələr Pleistosen dövründə buzlaşmaya məruz qalmış və planetimizdə öz unikallığını qoruyub saxlaya bilən nadir ekosistemlərdən biridir. Bu baxımdan qədim relikt növlərlə zəngin olan Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq UNESCO-nun Təbii İrs Siyahısına daxil edilməsi təklif edilmişdir. Bu məqsədlə hazırlanmış nominasiya sənədinə əsasən Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir”, - deyə nazir qeyd edib.

Mədəniyyət nazirinin birini müavini Adil Kərimli çıxış edərək TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu toplantısının ölkəmizdə keçirilməsini mühüm hadisə adlandırıb: “44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib. Bu Qələbə təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının qələbəsidir. Müharibə dövründə və sonra türk dünyasının Azərbaycanın haqlı mübarizəsində göstərdiyi həmrəylik münasibətlərimizin nə qədər möhkəm və sarsılmaz olduğunu sübut etdi. Qələbədən sonra Şuşa şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi rəmzi məna daşımaqla yanaşı, yeni inkişaf və əməkdaşlıq strategiyasını gündəmə gətirdi. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 30 ilə yaxın işğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən mədəniyyət abidələri - məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri və digər abidələr erməni vandalizminə məruz qalaraq dağıdılıb. Eyni zamanda, Ermənistan hökuməti hazırkı Ermənistanda Azərbaycanlıların mədəni irsinin izlərini qəsdən məhv etməklə, talan və dağıntılara məruz qoymaqla, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur. Azərbaycan kəndlərinin tarixi adları tamami ilə dəyişdirilmiş, qədim toponimlər erməni adları ilə əvəz edilib”.

Adil Kərimli qeyd edib ki, Ermənistan hökumətinin apardığı siyasətlə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərində qədim mədəni irs obyektləri (Göy məscid, Qala məscidi Şah Abbas və bunlar kimi 300 dən çox məscid və monumental abidələr) sistemli və məqsədyönlü şəkildə məhv edilib. Bir sözlə, UNESCO-nun 1954, 1970, 1972, 2003 və 2005-ci il Konvensiyaları presedentsiz şəkildə pozulub.

Onun sözlərinə görə, TÜRKSOY və Türk dövlətlərinin Milli Komissiyaları çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu sahədə koordinasiya məsələləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu işin daha da təkmilləşdirilməsi və intensiv əlaqələrin qurulması istiqamətində sizlərlə birlikdə daha sıx fəaliyyət göstərəcəyik. Azərbaycan təşkilatın üzvü kimi UNESCO-nun prinsip və dəyərlərinin təşviqində öz öhdəliklərinə sadiq qalaraq mühüm layihələr icra etməkdədir: “Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələr Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri geniş coğrafiyanı əhatə edir. Bu istiqamətdə görülən işlər Azərbaycanın ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir. Həmin layihələr həm də ölkəmizin müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə verdiyi önəmli töhfənin ifadəsidir”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək TÜRKSOY və UNESCO ilə Azərbaycanın əməkdaşlığı, birgə layihələr, görülən işlər və yaxın perspektivdə atılacaq addımlardan, mədəni irsimizin qorunması naminə hər iki təşkilatla görüləcək işlərdən danışıblar.

Tədbir panel iclaslarla davam edib.

Qeyd edək ki, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək bağlanış mərasimində sözügedən iclasın yekun bəyanatı qəbul ediləcək. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürüləcək.