Azərbaycanın Müstəqillik Günü Praqada da qeyd olunub

Link: https://azertag.az/

28 May - Müstəqillik Günü və Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə ölkəmizin Çex Respublikasındakı səfirliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən Praqada rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 150-dən çox qonağın qatıldığı tədbirdə əvvəlcə Çexiya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən səfir Adış Məmmədov müsəlman Şərqində ilk dəfə dünyəvi-demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, həmçinin yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etməsindən danışıb. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində qazanılmış böyük uğurlardan bəhs edib, Azərbaycanın dayanmaz inkişafa nail olduğunu vurğulayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində torpaqlarımızın otuz illik erməni işğalına son qoyduğunu bildirən Adış Məmmədov, hazırda regionumuzda yeni reallıqların yarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, regionun yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin mövcud olduğunu bildirib.

Sonra diplomat bu il Azərbaycan ilə Çexiya arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb, ikitərəfli əlaqələrimizin qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa söykəndiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Çexiya xarici işlər nazirinin müavini cənab Yirji Kozak 30 illik Çexiya-Azərbaycan münasibətlərini dostluq və əməkdaşlıq illəri adlandıraraq, bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdiyini və xalqlar arasında əlaqələrin gücləndiyini qeyd edib. İki ölkə arasında dövlət başçıları səviyyəsində imzalanan Strateji Tərəfdaşlıq Sazişini yüksək qiymətləndirən nazir müavini ölkəsi ilə Azərbaycan arasında davamlı siyasi əməkdaşlığın davam etdirildiyini, bunun yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlərdə özünü göstərdiyini vurğulayıb.

Y.Kozak iqtisadi-ticari əlaqələrin iki ölkə arasında münasibətlərdə xüsusi yer tutduğunu bildirib, ölkəsinin Azərbaycanı enerji sahəsində çox mühüm və dəyərli tərəfdaş hesab etdiyini diqqətə çatdırıb.

2022-ci ildə Çexiyanın neft istehlakının 24,2 faizinin Azərbaycan tərəfindən təchiz edildiyini bildirən nazir müavini yaxın gələcəkdə təbii qaz sahəsində də ölkəmizlə uğurlu əməkdaşlığa nail olacaqlarına ümidvar olduğunu qeyd edib.

Mərasim bədii proqramla davam edib. Sonda ziyafət verilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa