Azərbaycanda geoparkın yaradılması istiqamətində iş davam edir

Link: https://azertag.az/

Azərbaycanda ilk geoparkın yaradılması məqsədilə bu gün Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin, UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinin koordinatorlarının, Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin, beynəlxalq ekspertlərin, eləcə də, bir sıra səfirliklərin əməkdaşlarından ibarət İşçi Qrupun görüşü keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, görüşdə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra yaradılacaq geoparkın UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi, geoparkın turizm potensialının inkişafına yönəlmiş məsələlər, bu sahədə təklif olunan ekosistem xidmətləri ətrafında fikir mübadiləsi aparılıb, beynəlxalq ekspertlər tərəfindən dünya təcrübəsi barədə məlumatlar verilib.

Xidmət rəisi bildirib ki, geoparkın Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında yaradılması nəzərdə tutulur və yaxın günlərdə mütəxəssislərin iştirakı ilə geoparkın təşkili istiqamətində ilkin hazırlıq işlərinə başlanılacaq.