Azərbaycan və Türkiyənin UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə konsert keçirilib

Link: https://azertag.az/

Parisdə UNESCO-nun mənzil-qərargahında UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan və Türkiyənin UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək konsertin təşkilinə göstərdiyi dəstəyə görə UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkürünü bildirib. O, milli musiqimiz, bəstəkarlarımız haqqında məlumat verib, UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş, Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfələr vermiş, simfonik muğam janrının banisi dünyaşöhrətli Azərbaycan bəstəkarı F. Əmirovun 100 illiyinin cari ildə UNESCO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd edilməsindən söz açıb. Bildirib ki, Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda verdiyi konsertlərdə F. Əmirovun əsərlərini ifa edib.

Türkiyənin UNESCO yanında daimi nümayəndəsi Gülnur Aybet çıxış edərək bildirib ki, konsert iki qardaş ölkə arasında sıx əməkdaşlığı əks etdirir. Daimi nümayəndə Gülnur Aybet Türkiyə Dövlət Opera və Baletinin baş direktoru, tenor Murat Karahanın bir çox Avropa ölkələrinin simfonik orkestrləri ilə dünyanın məşhur operalarında uğurlu konsertlərindən söz açıb.

Sonra Türkiyə Dövlət Opera və Baletinin baş direktoru, tenor Murat Karahan və Turan Manafzadə tanınmış avropalı bəstəkarların, cari ildə 100 illik yubileyi qeyd olunan Fikrət Əmirovun əsərlərini, eləcə də Türkiyə və Azərbaycan xalq mahnılarını ifa ediblər. Həmçinin T. Manafzadə Xocalı soyqırımına həsr etdiyi “Xocalıya” musiqisini, eləcə də “Laçın” xalq mahnısını ifa edib. Sənətçilərin performansı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə UNESCO yanında akkreditə olunmuş səfir və daimi nümayəndələr, diplomatlar, Parisdə yaşayan Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.

Konsertdən sonra tamaşaçılar iki qardaş ölkənin milli mətbəxinin təamlarına qonaq ediliblər.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris