Azərbaycan UNESCO Klubları Assosiasiyası WFUCA-nın üzvlüyünə qəbul olunub
2023-11-01Link: https://azertag.az/
Cənubi Koreyanın Seul şəhərində Ümumdünya UNESCO Klubları, Assosiasiyaları və Mərkəzləri Federasiyasının (WFUCA) 10-cü Ümumdünya Konqresi keçirilib.
Azərbaycan UNESCO Klubları Assosiasiyasından (AZUCA) AZƏRTAC-a bildirilib ki, konqresin keçirilməsində əsas məqsəd qarşıdan gələn 5 il üçün ümumdünya UNESCO klubları şəbəkəsinin əsas hədəflərini və strategiyasını müəyyənləşdirmək, federasiyaya yeni üzvlərin qəbulu, mövcud problemləri və digər məsələləri müzakirə etməkdən ibarətdir.
AZUCA UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə WFUCA üzv olmaq üçün müraciət etmişdi. Prosedur qaydalara uyğun olaraq Azərbaycan UNESCO Klubları Assosiasiyası tərəfindən təqdim olunmuş sənədlər Federasiyada baxılmış və müzakirə üçün Konqresə təqdim olunmuşdu. Aparılmış müzakirələrin nəticəsi olaraq AZUCA yetkinliklə Ümumdünya UNESCO Klubları, Assosiasiyaları və Mərkəzləri Federasiyasının üzvlüyünə qəbul olunub.
Konqres zamanı Qazaxıstan Milli UNESCO Klubları Federasiyasının (KAZFUCA) prezidenti Bolat Akçulakov WFUCA yeni sədr seçilib.
Qeyd edər ki, UNESCO ölkələrlə əməkdaşlığı müxtəlif təsisat, platforma və proqramlar üzərindən həyata keçirir. Belə platformalardan biri də UNESCO klublarıdır. İlk UNESCO klubu 1947-ci il noyabrın 19-da Yaponiyanın Senday şəhərində yaradılıb. Bu gün klubların sayı 88 ölkəni əhatə etməklə 4845-ə çatıb. Bu cür klubların yaradılmasında əsas məqsəd UNESCO-nun elm, təhsil və mədəniyyət sahələrində ideya və prinsiplərinin geniş təbliğ olunması, habelə qeyd olunmuş sahələrdə həm ölkədaxilində, həm də beynəlxalq müstəvidə təcrübə mübadiləsinin həyata keçirilməsidir. UNESCO klubları vasitəsilə uşaq və gənclər müxtəlif yerli və beynəlxalq layihələrə və könüllülük fəaliyyətinə cəlb olunurlar.
Yuxarıda qeyd olunmuş məqsədlərin Azərbaycan Respublikasında həyata keçirilməsi üçün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə UNESCO klublarının qurulmasına start verilib. İlk UNESCO Klubu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılıb. Hazırda onların ümumi sayı altıya çatıb. Klublar Azərbaycan UNESCO Klubları Assosiasiyasında (AZUCA) birləşdirilib. Assosiasiya ictimai birlik olaraq 2023-cü ildə dövlət qeydiyyata alınıb.