Azərbaycan Texniki Universitetində UNESCO-nun dəstəyi ilə təlimlərə başlanılıb
2022-03-01Link: https://azertag.az/
UNESCO-nun maliyyə dəstəyi İlə Azərbaycan Texniki Universitetinin (AzTU) “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təlimlərə start verilib.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, təlimlərin ilk günündə şagirdlərə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov layihə haqqında məlumat verib. O, iqtisadiyyatın inkişafında mühəndislik peşəsinin əhəmiyyəti, bu sahəyə qadınların da töhfəsinin zəruriliyi, müasirləşən mühəndislik peşələrinin qadınlar üçün uyğunluğu, eləcə də AzTU-nun tələbə qızlarının bu istiqamətdə qazandığı uğurlar haqqında danışıb.
Daha sonra layihənin gender üzrə mütəxəssisi Günel Ağabəyli mühəndis qızların uğur hekayələrindən və dünyada bu peşədə təmsil olunan qadınların nailiyyətlərindən söz açıb. Qeyd olunub ki, layihə çərçivəsində şagirdlərə STEM, elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, “Python” təlimləri və mühəndislikdə qadınların iştirakının təşviqi mövzularında silsilə təlimlər və seminarların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təlimlərə AzTU-nun və digər müəssisələrin bu sahədə ixtisaslaşan peşəkar mütəxəssisləri rəhbərlik edir.