ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir

Link: https://azertag.az/

Martın 14-də Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edir.

AZƏRTAC xəbər verir ki, konfransda mədəniyyət naziri Adil Kərimli, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Dərya Örs, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə açılış nitqi ilə çıxış ediblər, UNESCO Baş Konfransının Prezidenti Simona-Mirela Miçulesku isə videomüraciətlə tədbir iştirakçılarını salamlayıb.

Daha sonra iştirakçılar Azərbaycan Milli Elmlər Akademiyasının bütün Türk dünyasının mədəni irsi sayılan “Divanü lüğat-it-türk”ün 950 illik yubileyi münasibətilə təşkil etdiyi sərgini ziyarət ediblər.

Konfransın ilk günündə fasilələrlə dörd sessiyanın keçirilməsi nəzərdə tutulur. İlk sessiya Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevin moderatorluğu ilə Türk dünyasının mədəni irsinin qorunması üzrə milli strategiyalar və yanaşmalar, ikinci sessiya Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın moderatorluğu ilə mədəni irsin qorunması, sənədləşdirilməsi və təbliği üzrə türk təşkilatının əməkdaşlığı, üçüncü sessiya Türk Dil Qurumunun prezidenti Osman Mertin moderatorluğu ilə mədəni irsin qorunması və təbliği üçün innovativ yanaşmalar və zəruri işlər, sonuncu sessiya isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə mədəni irsin qorunması sahəsində milli komissiyaların əməkdaşlığı mövzusunu əhatə edəcək.

Qeyd edək ki, iki gün davam edəcək konfransın ikinci günündə Mədəni İrsin Qorunması/Mühafizəsi üzrə Milli komissiyaların layihələr əsaslı əməkdaşlığı mövzusunu əhatə edən sessiyanın, o cümlədən dəyirmi masa müzakirələrinin keçirilməsi nəzərdə tutulub. Sözügedən tədbir vasitəsilə Bakıda bir araya gələn təşkilat rəhbərləri Azərbaycan Milli Xalça Muzeyində sərgilənən türk geyimləri, xalçaları və ornamentlərini izləyəcək, İçərişəhəri (Qız qalası və Şirvanşahlar Sarayı Kompleksini) ziyarət edərək ölkəmizin mədəni irsi ilə daha yaxından tanış olacaqlar.