Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib
2020-09-11Sentyabrın 10-da UNESCO üzrə Türkiyə Milli Komissiyasının təşkilatçılığı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan Milli komissiyaları, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, Türkiyə dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib. Tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Elnur Sultanov təmsil edib.
Elnur Sultanov tədbirdə çıxış edərək Tonyukuk abidəsinin əhəmiyyətindən danışıb, onun 1300 illiyinin 2020-ci il üçün UNESCO-nun Yubileylər Proqramına daxil edilməsinin əlamətdar hadisə olduğunu bildirib, eləcə də türkdilli xalqların mədəni abidələrinin öyrənilməsi, tanıdılması və təşviqinin Azərbaycanın mədəniyyət siyasətinin diqqət ayrılan istiqamətlərindən biri olduğunu qeyd edib.
Türk dünyasının zəngin mədəni irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıqdan bəhs edən E.Sultanov hələ 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən “Kitab-i Dədə Qorqud” dastanının 1300 illik yubileyinin qeyd olunması barədə Fərmanın imzalandığını, bu əlamətdar hadisənin UNESCO-nun Yubileylər Proqramı çərçivəsində, 2000-ci ildə isə Bakıda türkdilli ölkələrin rəhbərlərinin və UNESCO-nun Baş direktorunun iştirakı ilə qeyd edildiyini vurğulayıb. O, Türk dünyasının ortaq maddi və qeyri-maddi mədəni irsinin qorunması və təşviqi istiqamətində gələcək əməkdaşlıq üçün mövcud perspektivlərdən bəhs edib və təkliflərini irəli sürüb.
Elnur Sultanov, həmçinin tədbir iştirakçılarına görkəmli yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin 2020-ci il üçün UNESCO-nun Yubileylər Proqramına daxil edilməsi, bu yubileyinin qeyd olunması barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalandığı, eləcə də bu istiqamətdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
E.Sultanov ölkəmizin UNESCO ilə münasibətlərinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatın dəyərlərinin təbliğində, dünya irsinin qorunmasında, abidələrin bərpasında, mədəniyyətlərarası dialoqun, təhsilin, gender bərabərliyinin təşviqində və digər sahələrdə müstəsna xidmətlərini vurğulayıb.
Səfir Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini, bu torpaqlarda yerləşən türk dünyasının ortaq mədəni irsi olan abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığını, mənimsənildiyini, tarixi və mahiyyətinin dəyişdirildiyini diqqətə çatdırıb və bunun qarşısının alınması məqsədilə türkdilli dövlətlərin birgə səylərinin mühüm əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər türk dünyasının ortaq mədəni irsi olan abidələrin əhəmiyyəti, Tonyukuk abidəsinin türk tarixi və mədəniyyəti üçün önəmi, onun qorunması və təşviqi ilə bağlı görülən işlərdən, habelə UNESCO çərçivəsində birgə əməkdaşlığın vacibliyindən bəhs ediblər.
Sonda akademik dairələrin təmsilçilərinin iştirakı ilə geniş müzakirələr keçirilib.
https://azertag.az/xeber/1582597