Ermənistan vandalizm siyasətini bir daha açıq şəkildə göstərir

Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasəti həyata keçirilir, tarixi və mədəni irsimiz məqsədyönlü şəkildə məhv edilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.

Komissiyadan qeyd olunub ki, Ermənistanın Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinə qarşı yönəlmiş qeyri-qanuni fəaliyyəti, xüsusən tarixi abidələrin hədəfə alınması, mənimsənilməsi və tarixi xüsusiyyətlərinin dəyişdirilməsi YUNESKO-nun bir sıra, o cümlədən “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası” və ona dair protokolların, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 1972-ci il Konvensiyası”, “Müəlliflik hüququ haqqında 1952-ci il Konvensiyası”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyası” və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir:

"Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən mədəni, tarixi və dini abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdılması ilə yanaşı, bərpa olunma adı altında mənimsənilməsi və xüsusən də tarixi və mahiyyətini dəyişdirilməsi həyata keçirilir. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycanın qədim Şuşa şəhərinin əsas simvollarından hesab edilən Yuxarı Gövhər Ağa məscidi və Şuşa qalasında aparılan “təmir-bərpa işləri”ni qeyd etmək olar. Hər iki mədəni irs nümunəsi 2001-ci ildə “Şuşa tarixi və memarlıq qoruğu” adı ilə Azərbaycanın Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilmişdir. Ermənistan tərəfindən abidələrimizə qarşı həyata keçirilən bu siyasət YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 1972-ci il Konvensiyası”na ziddir. Bununla əlaqədar, Azərbaycan tərəfi YUNESKO rəhbərliyi qarşısında mütəmadi olaraq müvafiq tədbirlərin görülməsi ilə bağlı məsələ qaldırmaqdadır.
Bu xüsusda qeyd olunmalıdır ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə aparılan qeyri-qanuni arxeoloji qazıntılar nəticəsində xalqımıza məxsus zəngin maddi-mədəni irs nümunələrinin ölkədən çıxarılaraq Ermənistana daşınması və eləcə də “qara bazar”da satılması halları ilə bağlı faktlar mövcuddur. Vurğulanmalıdır ki, Ermənistan tərəfindən maddi-mədəni irs nümunələrimizin qeyri-qanuni ölkədən çıxarılması YUNESKO-nun “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında 1970-ci il Konvensiyası”na ziddir. Bu, Ermənistanın tərəfindən beynəlxalq hüquq normalarının, o cümlədən Ermənistanın tərəf çıxdığı sözügedən konvensiyada qeyd olunan öhdəliklərin kobud şəkildə pozulması deməkdir".

Komissiyadan bildirilib ki, mədəni və tarixi irsimizin Ermənistan tərəfindən dağıdılması faktlarının ifşa edilməsi və erməni təxribatlarının qarşısının alınması ölkəmizin YUNESKO-nun müxtəlif komitələrinin fəaliyyətində xüsusi yer tutur. Ermənistanın qeyd olunan beynəlxalq hüquqa zidd fəaliyyəti mütəmadi olaraq tərəfimizdən YUNESKO-nun müvafiq komitələrində qaldırılır və Təşkilat bu fəaliyyətin qarşısının alınması üçün tədbirlər görməyə çağırılır. Belə ki, ölkəmiz Silahlı Münaqişələr Zamanı Mədəni Sərvətlərin Qorunması üzrə Komitəyə (2011-2019), Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə (2018-2022) üzv kimi bu məsələni daim diqqətdə saxlamış və mütəmadi olaraq müvafiq tədbirlərin görülməsini davam etdirməkdədir:

"O da qeyd olunmalıdır ki, Ermənistan tərəfindən yox edilməyə və özününküləşdirilməyə cəhd edilən qeyri-maddi mədəni irs nümunələrimizin qorunması ölkəmiz tərəfindən prioritet hesab olunur. Belə ki, “Çovqan ənənəvi Qarabağ atüstü oyunu” 2013-cü, “Naxçıvan ənənəvi qrup rəqsləri – Yallı (köçəri, tənzərə)” isə 2018-ci ildə YUNESKO tərəfindən Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda, ölkəmiz YUNESKO-nun məsuliyyətli və etibarlı tərəfdaşı kimi müvafiq beynəlxalq konvensiyaların tətbiqinə xüsusi önəm verir. YUNESKO tərəfindən ölkəmizin dəstəyi ilə 2016-cı hazırlanan “Mədəni mülkiyyətin mühafizəsi: Hərbi bələdçi” adlı kitab beynəlxalq təşkilatlar tərəfindən silahlı münaqişələr zamanı mədəni irsin qorunmasına mühüm töhfə hesab edilmişdir.

Ermənistanın silahlı qüvvələri 2020-ci il oktyabrın 4-dən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutmuşdur. Nəticədə, dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəymişdir.

Ermənistan Azərbaycanın qədim tarixi-mədəni irs mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanın, eyni zamanda türk dünyasının mədəni irsini, ümumbəşəri dəyərlərini hədəf alaraq uzun illərdən bəri davam etdirdiyi vandalizm siyasətini bir daha nümayiş etdirmişdir".

Kosmissiyadan əlavə olunub ki, Gəncə şəhərində dövlət qeydiyyatına alınmış 195 daşınmaz tarix-mədəniyyət abidəsi mövcuddur. Böyük İpək Yolu üzərində yerləşən Gəncə əsrlər boyu mədəniyyət və elm mərkəzi kimi tanınmış, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi, 2013-cü ildə yaradıcılığının 900 illik yubileyi YUNESKO səviyyəsində qeyd olunmuş şairə Məhsəti Gəncəvi kimi görkəmli şəxsiyyətlərin dünyaya göz açdığı şəhər olmuşdur. 23 sentyabr 2020-ci il tarixində Gəncə şəhəri YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilmişdir:

"Ölkəmiz türk dünyasının mədəni irsinin qorunması məsələsini beynəlxalq təşkilatlarda, o cümlədən TÜRKSOY-a üzv olan ölkələrin YUNESKO üzrə milli komissiya və komitələrinin iclaslarında qaldıraraq türk dünyasının abidələrinin qorunmasına birgə səylər göstərilməsinə daim çağırış etməkdədir".

https://az.trend.az/azerbaijan/politics/3313228.html