Şəki Xan Sarayına virtual səyahət təşkil edilib

Şəki Xan Sarayına virtual səyahət təşkil edilib
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın göz oxşayan, gəzməli, görməli abidələrindən olan Şəki Xan Sarayına virtual səyahət təşkil edib.

İdarədən bildirilib ki, Xan Sarayı haqqında videoslayd hazırlanıb, kitabxananın “Instagram” və “Facebook” hesablarında paylaşılıb.

Videoslaydda qeyd edilir ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarixi və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Şəhərin ən yüksək hissəsində, əski xan qalasının içərisində, 1762-ci ildə Azərbaycan memarlığının ən gözəl nümunəsi olan ikimərtəbəli yay sarayı kimi tikilib. Sarayı üzük qaşı kimi dörd bir tərəfdən möhtəşəm divarlar əhatə edir. Xalq sənətkarları çox məharətlə bürc və ziqzaqlar vasitəsilə daşlardan “Məhəmməd Həsən xan” kəlməsi yazıblar.

Saray kompleksinin 1853-cü ildə tərtib olunmuş planından məlum olur ki, qalanın içərisində xanların və onların ailələri üçün qış və yay saraylarından başqa, digər tikililəri də olub. Saray divarlarının ucaldılmasında çay daşlarından və çiy kərpicdən istifadə olunub. Lakin bu divarlar üzərində kirəc məhlulu və gəcdən istifadə etməklə sənətkarlar milli memarlıq sənətimizdə yeni dəst-xətt gətiriblər. Sarayın birinci mərtəbəsi qonaqların qəbulu üçün ayrılıb. Burada xan Şəkiyə gələn rəsmi nümayəndələri, səfirləri, dövlət elçilərini və başqa qonaqları qəbul edib. İkinci mərtəbədə xan və onun ailə üzvləri yerləşiblər. Sarayın altı otağından hər birisi öz mənsubluğuna uyğun olaraq həndəsi, nəbati və cəng-döyüş rəsmləri ilə bəzədilib, alt və üst mərtəbələrdə simmetrik salınmış otaqlar bir-birindən, əsasən divar rəsmlərinin süjetləri ilə fərqlənir. Qadınlara məxsus otaqların divarları bütünlüklə gül-çiçəklə, ağac budaqlarına qonmuş cəh-cəh vuran bülbüllərlə, əfsanəvi quş və heyvan şəkilləri ilə bəzədilib. Birinci mərtəbənin orta, böyük salonundakı karnizdə, iti gözlərdən uzaq bir yerdə, ümumiyyətlə, binanın bədii tərtibatında olan rəsmlərin içərisindən yeganə rəsm olan rəqqasə qadınların rəsmləri verilib. Müxtəlif musiqi alətlərində çalan və oynayanlar milli geyimdə təsvir olunublar.

Bildirilir ki, sarayın ikinci mərtəbəsindəki xanın otağı bütünlüklə döyüş səhnələri ilə bəzədilib və məzmunca çox müxtəlifdir. Məşhur Şəki hökmdarı Hacı Çələbi nəslindən olan və bu sarayda yaşayan Şəki xanlarının faciəli həyatı sanki bu otaqların divarlarında olan rəsmlərdə tam təsvir olunub.

Diqqətə çatdırılır ki, bu gün Şəki Xan Sarayı və Şəkinin tarixi abidələri ölkəmizə gələn turistlərin mütləq baş çəkəcəyi bir məkana çevrilib. Dövlətimizin böyük səyi nəticəsində 2019-cu ilin iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.