“İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda respublika virtual elmi konfransı keçirilib
2020-06-12Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının birgə təşkilatçılığı ilə 18 iyun - İnsan Hüquqları Gününə həsr olunmuş İnsan hüquqları aylığı çərçivəsində “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda respublika virtual elmi konfransı keçirilib.
BDU-dan bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva virtual konfransı giriş sözü ilə açaraq onun işinə uğurlar arzulayıb, iştirakçıları 15 iyun - Milli Qurtuluş Günü və İnsan Hüquqları Günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Səbinə Əliyeva ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini diqqətə çatdırıb. İnsan hüquqlarının təmin edilməsinin insan hüquqlarına verdiyi ali dəyərin təzahürü olduğunu deyən Səbinə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən həmin tarixin İnsan Hüquqları Günü kimi qeyd olunduğunu xatırladıb.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, insan hüquqlarının təmin edilməsi hər bir dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi bir tərəfdən insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulub, digər tərəfdən isə bu sahədə mövcud standartlara uyğun olaraq özünün milli qanunvericiliyini yaradıb. İnsan hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən Azərbaycan Respublikasının Konstitusiyasında beynəlxalq hüquq normalarının üstünlüyünü qəbul edən kifayət qədər maddələr vardır. Dövlətimiz bir sıra nüfuzlu beynəlxalq təşkilatların - Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu təşkilatların tamhüquqlu üzvüdür. Bu gün Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin bütün beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir, onlara müvafiq olaraq bu sahədə dövri hesabatlarını təqdim edir. Rektor vurğulayıb ki, Azərbaycanda insan hüquqlarının formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə suverenliyin, geniş sosial-iqtisadi, elmi-mədəni sahələrdə sürətli inkişaf əldə edilib. Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib.
Elçin Babayev BDU-nun Hüquq fakültəsində aktiv fəaliyyət göstərən İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrası və Hüquq Klinikasının fəaliyyətindən bəhs edib, kadr potensialının daha da yaxşılaşdırılması yönündə görülən işlərə, fakültənin elmin tərəqqisinə, ictimai həyatın bütün istiqamətlərinə verdiyi töhfələrə və qazandığı nailiyyətlərə diqqət çəkib.
BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin moderatorluğu ilə keçən konfransda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransda “Hüquq klinikalarının tədris prosesində rolu”, “İnsan hüquqları sahəsində strateji sənədlərin implementasiyasında Ombudsmanın rolu”, “Qadınların zorakılıqdan azad yaşamaq hüququnun təminatı: Avropa Şurasının qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və mübarizə haqqında Konvensiyası”, “Uşaq hüquqlarının müdafiəsində informasiya təhlükəsizliyinin rolu”, “Pandemiya zamanı dövlət qadın siyasəti və BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitənin fəaliyyəti” mövzularında çıxışlar olub. “Rəqəmsal cəmiyyət və insan hüquqlarının inkişaf tendensiyaları”, “Açıq hökumətin təşviqinə dair yeni Milli Fəaliyyət Planı və QHT qanunvericiliyi”, “Əqli mülkiyyət hüququ magistratura ixtisaslaşması üzrə tədris prosesinin təşkili”, “İnformasiya azadlığı və müəlliflik hüquqlarının uzlaşdırılması”, “Xüsusi karantin rejimində Ombudsmanın rolu”, “İnsan hüquqları və kibercinayətkarlığa qarşı mübarizə”, “Pandemiya dövründə qadınların fəaliyyəti” və “Təhsil hüququnun təmin olunmasında distant təhsilin rolu” mövzularında məruzələr maraqla qarşılanıb.
Konfransda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş respublika elmi konfransı sualların cavablandırılması ilə işini yekunlaşdırıb.