UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Beynəlxalq Gənclər Günü münasibətilə videokonfrans təşkil edib
2020-08-13UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək 1998-ci ildə Lissabonda keçirilmiş gənclərlə iş üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə avqustun 12-sinin Beynəlxalq Gənclər Günü elan edildiyini diqqətə çatdırıb. Səfir ölkəmizdə isə daha əvvəl - 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 2 fevralın Azərbaycan Gəncləri Günü kimi qeyd olunduğunu bildirib.
Diplomat bu il Beynəlxalq Gənclər Gününün “Qlobal fəaliyyət üçün gənclərin cəlb edilməsi” mövzusuna həsr olunduğunu və bu günün UNESCO üzrə milli komissiyalar tərəfindən qeyd olunmasının təşkilatın dəyərlərinin təşviqində gənclərin rolunun vacibliyi barədə məlumatlılığı artırmağa xidmət etdiyini vurğulayıb.
E.Sultanov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edərək, xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıldığını qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əməkdaşlığının genişləndirilməsində müstəsna xidmətləri və gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində layihələrin həyata keçirilməsinə önəmli dəstəyini vurğulayıb. O, həmçinin Azərbaycanın uğurlarının xaricdə təbliği istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü əsasında gənclərin iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.
Baş katib gənclərin UNESCO-nun prioritetlərindən olduğunu bildirərək, bu sahədə qəbul olunmuş mühüm proqramlar barədə məlumat verib. UNESCO-nun mandatına aid olan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində gənclər arasında maarifləndirmə işinin, eyni zamanda, ümumdünya irs abidələri, biosfer qoruqları, geoparklar, Yaradıcı və Öyrənən şəhərlər kimi şəbəkələrin təşviqində gənclərin rolunun vacibliyi, gənclərlə bağlı proqramların icrasına ölkəmizdəki UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin və UNESCO kafedralarının cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizdə həyata keçirilən gənclər siyasətinin tarixi, cari vəziyyəti və perspektivlərindən bəhs edib. O, hazırda virtual məkanda gənclərin aktiv olduqlarını, bir çox startap layihələrlə çıxış etdiklərini, ölkəmizin təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yüksək fəaliyyət göstərdiklərini qeyd edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin təhsili ilə bağlı görülən işlər, bu sahədə həyata keçirilən dövlət proqramları və UNESCO ilə əməkdaşlıq barədə məlumat verib, gənclərdə sülh mədəniyyəti, dözümlülük, multikulturalizm dəyərlərinin aşılanmasına əsaslanan təhsilin vacibliyini vurğulayıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva yaradıcı sahələrdə gənclərin təşviq edilməsi ilə bağlı layihələr, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən gənclər üçün yaradılan imkanlardan, eləcə də musiqi, teatr, kinematoqrafiya sahəsində gənclərin əldə etdiyi uğurlardan bəhs edib, iqtisadi inkişafa töhfə verə bilən yaradıcı gənc nəslin formalaşması və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə gənclərin informasiyaya çıxışının təmin edilməsi, onların texnoloji biliklərə yiyələnməsi, informasiya və kommunikasiya texnologiyaları istifadə imkanlarının genişləndirilməsi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov gənclər siyasəti sahəsində ölkəmizdə əldə edilmiş uğurlar, səmərəli dövlət idarəçiliyi və inklüziv inkişafda gənclərin rolundan danışıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclər təşkilatlarının iştirakı ilə reallaşdırılan layihələr, eləcə də gənclərin xaricdə təhsilinə Fond tərəfindən göstərilən dəstək barədə məlumat verib, gənclərin ölkə daxilində və beynəlxalq səviyyədə iştirakının təşviq edilməsinin əhəmiyyətini, beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin vacibliyini vurğulayıb, gəncləri qabaqcıl təcrübələrin tətbiqi, ölkəmiz barədə həqiqətlərin təbliği, saxta məlumatlarının yayılmasının qarşısının alınmasında aktiv olmağa çağırıb.
Azərbaycan UNESCO Klublarının koordinatoru Cahangir Hacıyev ölkəmizdə bu klubların fəaliyyəti, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov müasir Azərbaycan gənclərinin fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihələr və gələcək planlardan bəhs edib.
Sonda səsləndirilmiş təkliflər və təşəbbüslərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.