Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Parisə işçi səfəri zamanı UNESKO Baş direktorunun prioritet Afrika və xarici əlaqələr üzrə müavini Eduard Matoko ilə görüş keçirib.

Görüşdə Azərbaycan-UNESKO əməkdaşlığının cari vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

E.Sultanov Azərbaycanın UNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb.

Bu il Milli Komissiyanın yaradılmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş katib bu münasibətlə ölkə daxilində və xaricində keçirilən silsilə tədbirlər haqda məlumat verib. Bundan əlavə, o, Milli Komissiyanın UNESKO Katibliyi və üzv ölkələrin Milli Komissiyaları ilə əməkdaşlığı barədə bəhs edib.

Öz növbəsində, E.Matoko Azərbaycan-UNESKO əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, Azərbaycanın UNESKO-nun dəyər və ideyalarına daim sadiq olduğunu bildirib. O, Milli Komissiyanın yaradılmasının 25 illiyi münasibətilə təbriklərini ifadə edib və UNESKO proqramlarının reallaşdırılmasında Milli Komissiyanın önəmli rolunu vurğulayıb.

Cari ilin 30 iyun-10 iyul tarixlərində Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin mühüm hadisə olduğunu qeyd edən E.Matoko tədbirin uğurla keçəcəyindən əminliyini ifadə edib.

Sonda E.Sultanov Milli Komissiyanın loqosunun həkk olunduğu xatirə hədiyyəsini E.Matokoya təqdim edib.

Görüşdə Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov da iştirak edib.

https://azertag.az/xeber/Parisde_Azerbaycan_UNESKO_emekdasligi_muzakire_olunub-1296320