Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) YUNESKO-nun tərəfdaşları sırasına qoşulur
2018-09-1311-12 sentyabr 2018-ci il tarixlərində BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) təşkilatçılığı ilə Parisdə keçirilən “YUNESKO Tərəfdaşları Forumu”nda ölkəmiz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi tərəfindən təmsil olunmuşdur.
YUNESKO-nun Baş Katibi xanım Odre Azulenin də iştirak etdiyi tədbirin əsas məqsədi BMT Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsi və bu istiqamətdə YUNESKO tərəfindən dünyanın bir çox regionlarında həyata keçirilən müxtəlif proqram və layihələr barədə iştirakçıların məlumatlandırılması, həmçinin inkişaf etməkdə olan ölkələrdə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətində YUNESKO-nun yeni donor ölkələri ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsindən ibarətdir. AİDA-nın sözügedən tədbirdə iştirakı yeni donor ölkəsi olan Azərbaycanın YUNESKO ilə əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəkdir.
Qeyd edək ki, görüşdə müxtəlif ölkələrin dövlət və hökumət qurumları, inkişaf əməkdaşlığı üzrə milli agentliklərin, aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.