"Şuşa. Azərbaycanın tarixi mədəniyyət paytaxtı" kitabı tacik dilində nəşr olunub

“Şuşa. Azərbaycanın tarixi mədəniyyət paytaxtı” kitabı tacik dilində nəşr olunub
 

Link: https://azertag.az/

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və ölkəmizin Tacikistandakı səfirliyinin dəstəyi ilə Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun "Şuşa. Azərbaycanın tarixi mədəniyyət paytaxtı" adlı kitabın tacik dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.

Ölkəmizin Tacikistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Tacikistan Milli Kitabxanasında keçirilən tədbiri açan Azərbaycanın Düşənbədəki səfiri Əlimirzamin Əskərov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu bildirib, tədbir iştirakçılarına Şuşanın tarixi, əhəmiyyəti, şəhərin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddətdə tam viran qoyulması, 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunması haqqında danışıb.

Təqdimat mərasiminə videoformatda qoşulan kitabın müəllifi Elçin Əhmədov bildirib ki, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə olub. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını vurğulayan professor Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyinin hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarımızı şərtləndirən əsas amil olduğunu qeyd edib.

“Şuşa. Azərbaycanın tarixi mədəniyyət paytaxtı” kitabı tacik dilində nəşr olunub
 

Digər çıxış edənlər Azərbaycan həqiqətlərinin dünyada tanıdılması və təbliği naminə gördüyü vacib və faydalı işə görə kitabın müəllifinə minnətdarlıq bildirmiş, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Tədbir çay süfrəsi arxasında davam edib.

Qeyd edək ki, kitaba Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsi və əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında məlumatlar və fotoşəkillərdən ibarət ayrıca fəsillər daxil edilib. Şuşanın müxtəlif tarixi mərhələlərini, işğaldan əvvəl, işğal vaxtı, azad edilməsindən sonrakı dövrlərini əks etdirən çoxsaylı fotolar, o cümlədən ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşaya səfərləri vaxtı çəkilmiş fotolar nəşri zənginləşdirir.

“Şuşa. Azərbaycanın tarixi mədəniyyət paytaxtı” kitabı tacik dilində nəşr olunub