“Elteriş Kutluq-Kağan” kompleksinin beynəlxalq təqdimatı keçirilib
2022-12-15Link: https://azertag.az/
Beynəlxalq Türk Dili Günü çərçivəsində Parisdə “Elteriş Kutluq-Kağan” kompleksinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Parisdə UNESCO-nun mənzil-qərargahında Türkiyə Akademiyası Azərbaycan, Qazaxıstan və Qırğızıstan və Türkiyə Milli komissiyalarının Monqolustanla birlikdə “Nomqon” tədqiqatları nəticəsində aşkarlanmış Elteriş Kutluq-Kağanın şərəfinə ucaldılmış kompleksin və yazılı abidənin təqdimatına həsr edilmiş forum keçirilib.
Tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Birliyinin üzvü Həsən Həsənov, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreya Ər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi, professor Mahmut Erol Kılıç, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Monqolustan Elmlər Akademiyasının prezidenti Duqer Raqdal, qardaş ölkələrin səfirləri və UNESCO yanında daimi nümayəndələri, eləcə də türk ölkələrindən olan ziyalılar, elm adamları iştirak ediblər. Forum çərçivəsində Kutluq-Kağan şərəfinə kompleksdə aparılan arxeoloji qazıntıların fotoşəkillərindən və oradan tapılan tarixi əşyalardan ibarət sərgi təşkil olunub.
Forumda Türk Akademiyasının prezidenti Şahin Mustafayev bu müəssisənin Monqolustanda gördüyü işlər barədə məlumat verib, Nomqon düzündə bu il kəşf edilən Elteris Kutluq-Kağana həsr olunmuş kompleksdən danışıb. Plenar iclasdan sonra forum “Türk sivilizasiyasının yazılı mədəniyyəti: Elteriş Kutluq-Kağan” və “Qlobal dünyada türk dilləri: qorunma və inkişaf məsələləri” mövzularında bölmə panelləri ilə davam edib. Təqdimat zamanı Nomqon ekspedisiyasının üzvləri A.Enxtor və N.Bazılxan bu kompleks və orada aşkar edilmiş qədim türk yazılı abidəsi haqqında ətraflı danışıblar.
Forumda iştirak edən alimlər Nomqon ekspedisiyası tərəfindən Elteris Kutluq-Kağan kompleksinin aşkar edilməsinin türkşünaslıqda əlamətdar hadisə olduğunu qeyd ediblər. Onlar Türk Akademiyasının xidmətlərini yüksək qiymətləndirərək, əldə edilən kəşfin uzun illər aparılan elmi işlərin nəticəsi olduğunu vurğulayıblar. Xüsusilə kompleksdən tapılan daşlardakı qədim türk, soğd və brahmi yazılarının daha dərindən tədqiqi türk tarixinin yeni səhifələrini açacağı qeyd edilib.
Xatırladaq ki, Türk Akademiyasının Kutluq-Kağana həsr olunmuş tədbiri Ulan-Batorda başlayıb, Astana, Bursa, Bakı, Bişkek, Daşkənd və Budapeşt şəhərlərində davam edib. Bu gün isə təqdimat UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris