Kommunikasiya və informasiya

 

1999-cu ildə BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə, YUNESKO-nun texniki dəstəyilə Naxçıvan Muxtar Respublikasında informasiya-tədris mərkəzi yaradılmışdır.

 

15-23 dekabr 2000-ci il və 5-13 fevral 2001-ci il tarixlərində YUNESKO-nun maliyyə dəstəyilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində audio-vizual kurslar keçirilmişdir.

 

 “Azərbaycanın Tibb Əlyazmaları”  2005-ci ildə YUNESKO-nun “Dünya Yaddaşı” Siyahısına daxil edilmişdir.

 

14 noyabr 2009-cu ildə YUNESKO-nun Moskva Bürosu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və AzərTAc-ın təşkilatçılığı ilə “İqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirilmişdir. Seminarın əsas məqsədi Azərbaycanda ekologiya mövzusunda yazan jurnalistlərin bu sahədə peşəkarlığını artırmaq olmuşdur.

 

2010-cu ilin dekabr ayında “YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası yanında YUNESKO-nun İnformasiya Hamı Üçün” Proqramının Azərbaycan Komitəsi haqqında” Əsasnamənin YUNESKO üzrə AR Milli Komissiyasının sədri E.Məmmədyarov tərəfindən təsdiq edilməsilə YUNESKO-nun “İnformasiya Hamı Üçün” Proqramının Azərbaycan Komitəsi yaradılmışdır. YUNESKO üzrə AR Milli Komissiyasının sədri E.Məmmədyarovun 2011-ci ilin 12 aprel tarixində imzaladığı Qərara əsasən, AR Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası yanında YUNESKO “İnformasiya Hamı Üçün” Proqramının Azərbaycan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

 

2011-ci ildə Azərbaycan YUNESKO-nun  Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasına dörd il müddətinə üzv seçilmişdir.

 

1-2 dekabr 2011-ci ildə YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun təşəbbüsü, YUNESKO, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Bilik cəmiyyətində müəllimlərin səlahiyyətləri: siyasət, pedaqogika, sosial vərdişlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir Konfransın işində Türkiyə, Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, İtaliya, Litva və Belarusdan 20-dən çox beynəlxalq ekspert, həmçinin 60 yerli mütəxəssis iştirak etmişdir.

 

Bakı Dövlət Universitetində “İnsan hüquqları və informasiya hüququ” YUNESKO Kafedrasının yaradılması təşkilat tərəfindən təsdiq edilmiş və 2015-ci ildə Kafedranın yaradılmasına dair müqavilə imzalanmışdır.

 

30 may 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda YUNESKO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilmiş böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Divan”ının əlyazma nüsxəsinin sertifikatının təqdimat mərasimi keçirildi.

 

2018-ci ildən İnformasiya Hamı Üçün” Proqramının Azərbaycan Komitəsinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunmuşdur. 11 sentyabr 2018-ci il tarixində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yanında YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu il tarixində isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.

 

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 16 yanvar 2019-cu il tarixli qərarı ilə YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsi yaradılmışdır. 3 fevral 2020-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Milli Komitənin ilk iclası keçirilmişdir. 

 

20-27 iyun 2019-cu il tarixlərində YUNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti, “Mars Academy” və Sağlam Düşüncə Gənclər Təşkilatının tərəfdaşlığı ilə  “Xəyal et” qızlar üçün İKT yay düşərgəsi təşkil edilmişdir. Layihədə respublikanın ucqar bölgələrindən seçilmiş VII-VIII sinif şagirdləri olan məktəbli qızlar iştirak etmişlər.