Mədəniyyət sahəsində əməkdaşlıq

 

Azərbaycanın üç maddi irs nümunəsi  YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

 

 

  1. "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” 27 noyabr - 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci Sessiyasında İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırılmış, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 22-30 iyun 2009-cu il tarixində İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidənin YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusu bərpa edilmişdir.

     
  2. "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" 23 iyun - 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
     

QEYD: 18-19 dekabr 2013-cü il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası  çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə "gücləndirilmiş mühafizə" statusu verilmişdir.

 

  1. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” 30 iyun-10 iyul 2019-cu il tarixində Bakıda keçirilən YUNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı siyahıya daxil edilmişdir.

 

 

YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz:

 

1. Bakı dağları

 

2. Binəqədi dördüncü dövr fauna və flora ehtiyatı

 

3. Lök-Batan palçıq vulkanı

 

4. Suraxanı, Atəşgah

 

5. Naxçıvan mavzoleyi

 

6. Ordubad Tarix və Memarlıq Qoruğu

 

7. Şuşa Tarix və Memarlıq Qoruğu

 

8. Xəzər sahili mühafizə konstruksiyaları

 

9. Xınalıq – orta əsr dağ kəndi

 

10. Hirkan meşələri**

 

** “Hirkan meşələri” 1998-ci ildən 2020-ci ilədək sözügedən siyahıda “Hirkan Dövlət Qoruğu” / “Hyrkan State Reservation” adı altında yer almışdır. “Hirkan meşələri”-nin tərəfimizdən İran İslam Respublikası ilə birgə transsərhəd nominasiya şəklində Ümumdünya İrs Siyahısına təqdim edilməsi prosesinə başlanılması ilə əlaqədar 26.10.2020 tarixində İlkin Siyahının “Hirkan meşələri” hissəsi yenilənmişdir.

 

 

 

Azərbaycanın 15 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 2 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

 

  1. "Azərbaycan Muğamı" 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur.  2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
     
  2. "Azərbaycan Aşıq Sənəti” 28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
     
  3. "Novruz"  28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. Cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında  Əfqanıstan, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan nominasiyaya qoşulmuşlar.
     
  4. "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti"  15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
     
  5. "Tar və Onun İfaçılıq Sənəti"  3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Tar və onun ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
     
  6.  "Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu" 2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
     
  7.  "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması" 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
     
  8.  “Lahıcın misgərlik sənəti” 30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
     
  9. “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka” cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında  çoxmillətli nominasiya kimi YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir.
     
  10. “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” 2017-ci ilin 6 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
     
  11. “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti” çoxmillətli nominasiya kimi (İran İslam Respublikası və Azərbaycan) 2017-ci ilin 7 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

 

  1. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.

 

  1. “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə çoxmillətli nominasiya kimi Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. 

 

  1. "Miniatür sənəti" 2020-ci ilin dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı müzakirə olunub və bu mədəni element UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. 

 

  1. “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci ilin dekabrın 16-da  UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

 

 

YUNESKO-nun mükafatlarına layiq görülmüş Azərbaycanın incəsənət xadimləri

 

  • 1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır. 

 

  • 2008-ci ildə bəstəkar Firəngiz Əlizadəyə YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir. 

 

  • Dünya mədəni irsinə verdiyi töhfələrə görə Azərbaycanın xalq rəssamı Tahir Salahov YUNESKO-nun "Pikasso" qızıl medalına layiq görülmüşdür. Mükafat 19 mart 2009-cu ildə tarixində YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura tərəfindən fırça ustasına təqdim edilmişdir.