UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası işə başlayıb
2017-12-04

Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası işə başlayıb.

Dekabrın 9-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO üzrə Milli Komissiyanın nümayəndəsi və milli ekspertlər təmsil edir.

İclas çərçivəsində 2016-cı ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyanın hesabatının, cari 12-ci sessiyanın gündəliyinin, eləcə də Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın katibliyinin hesabatının qəbul edilməsi gözlənilir. Sessiya çərçivəsində QHT-lərin Forumu keçiriləcək, 2018-ci il üçün Qiymətləndirici Orqanın tərkibi təyin ediləcək, eləcə də Qeyri-Maddi Mədəni İrs Fondunun resurslarının 2018-2019-cu illərdə istifadəsi planının layihəsi, üzv dövlətlərin Konvensiyanın həyata keçirilməsi ilə bağlı hesabatları və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş faylların vəziyyəti müzakirə olunacaq.

Sessiyada ölkələrin təqdim etdiyi qeyri-maddi mədəni irs nümunələri-namizədlik faylları, eləcə də Azərbaycanın “Dolma” milli faylı və İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança” çoxmillətli faylının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.