Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
2017-11-16

YUNESKO-nun mənzil qərargahında qurumun Ümumdünya İrs Komitəsinin növbədənkənar sessiyası keçirilib. Sessiyada komitəyə seçilmiş 12 yeni üzv ölkə də iştirak edib. Xatırladaq ki, Azərbaycan 2015-ci ildə dörd il müddətinə bu komitəyə üzv seçilib.


Növbədənkənar sessiyada Azərbaycan növbəti il üçün komitənin vitse- prezidenti seçilib, Bəhreyn, Braziliya, İspaniya, Zimbabve və Çin ilə yanaşı, komitənin Bürosuna üzv olub.


İrs Komitəsinin növbəti il üçün sədri Bəhreyn seçilib. Gələn il komitənin 42-ci sessiyasının Bəhreynin paytaxtı Manama şəhərində keçirilməsi planlaşdırılır. Ümumdünya İrs Komitəsi 1972-ci il mədəni və təbii abidələrin mühafizəsi üzrə YUNESKO Konvensiyasının effektiv icrası, mədəni və təbii abidələrin Dünya İrs Siyahısına daxil edilməsi, eləcə də bu abidələrin mühafizəsi və mədəni irsin qorunması üzrə digər önəmli qərarların verilməsinə cavabdeh olan təşkilatın önəmli qurumudur.



Ölkəmizin Büroya seçilməsi komitənin yuxarıdakı məsələlərlə bağlı qərarlarında, eləcə də komitə sessiyalarının gündəliyinin formalaşdırılmasında yaxından iştirak etmək imkanı yaradır.


Qeyd edək ki, Azərbaycanın iki mədəni abidəsi - 2000-ci ildə İçərişəhər, 2007- ci ildə isə Qobustan qoruğu Ümumdünya İrs Komitəsi tərəfindən bu mötəbər siyahıya daxil edilib. Hazırda ölkəmiz tərəfindən yeni abidələrin bu siyahıya daxil edilməsi istiqamətində fəal iş aparılır.