Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirə və ustad dərslərinin iştirakçılarının təltifetmə mərasimi
2017-09-21

2017-ci il 21 sentyabr tarixində Azərbaycan Xalça Muzeyində Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirə və ustad dərslərinin iştirakçılarının təltifetmə mərasimi keçirildi. Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və ustad dərslərinin müəllimi Raisa İsmayilova çıxış etdilər. Daha sonra iştirakçılar sertifikatlarla təltif olundular.
 

5-21 sentyabr tarixlərində Azərbaycan və rus dillərində keçirilən ustad dərsləri YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində təşkil olunmuşdu. Burada 29 nəfər iştirakçı – Azərbaycan Xalça Muzeyi,Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarix Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri böyük həvəslə iştirak edərək bir-birindən gözəl sənət nümunələri yaradıblar.


Qeyd edək ki, ustad dərsləri ilə yanaşı, həmin tarixlərində Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi də təşkil olunub. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunub. Sərgi ilə 900 nəfərdən çox qonaq tanış olub. Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

Digər xəbərlər