No:287/20, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə bəyanatı
2020-09-29

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

27-29 sentyabr tarixlərində Ermənistanın davam edən hərbi təcavüzü çərçivəsində Azərbaycanın Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yanaşı, Goranboy, Naftalan və Daşkəsən rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. 

Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədib. 

29 sentyabr 2020-ci il tarixinə olan məlumata əsasən, mülki əhali arasında 10 nəfər  həlak olub, 30 nəfər isə yaralanıb.  Həlak olanlar arasında 13, 14 yaşlarında iki məktəbli də var. 

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində erməni hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərminin Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğluna məxsus fərdi yaşayış evinin həyətinə düşməsi  nəticəsində həmin vaxt evdə olan 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvünün həlak olması,  habelə mərminin partlaması nəticəsində Elbrus Qurbanova məxsus fərdi yaşayış evinə və evin həyətində olan yardımçı tikililərə 100 min manat məbləğində ziyan dəyməsi faktına görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin  120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. 

Bundan əlavə, Ağdam rayonunun işğal olunmuş ərazilərindən cəbhənin təmas xətti boyunca Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan, top və minaatanlardan açdıqları intensiv atəşlər nəticəsində 28 sentyabr 2020-ci il tarixdə, saat 07-00 radələrində Ağdam rayonu Evoğlu kəndinin ərazisinə mərmi düşmüş, nəticədə kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlunun baş nahiyəsindən qəlpə yarası xəsarətləri alaraq Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilməsi və göstərilmiş tibbi yardımlara baxmayaraq ölməsi faktına görə həmin tarixdə Ağdam rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

28 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan polis əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanmış, saat 19 radələrində Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu,  1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu həlak olmuş, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. Həmin faktlar üzrə Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Bundan əlavə, 28 sentyabr 2020-ci il tarixdə saat 18:40-da erməni silahlı qüvvələri təcəvüzkar əməllərini davam etdirərək, mülki əhalinin yaşadığı kəndləri hədəfə almaqla  milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə ümumi təhlükəli üsulla kənd sakinlərini qəsdən oldürmək məqsədilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə hücum edərək “Şamlıq” adlanan ərazini iriçaplı artilleriyadan atəşə tutmuş, atəş nəticəsində qeyd edilən əraziyə düşən mərmi həmin vaxt orada olan kənd sakini 2000-ci il təvəllüdlü Həziyev Hilal Murad oğlunun sifət nahiyəsinə dəyərək sonuncunun qəsdən həyatdan məhrum edilməsinə cəhd edilib.

Həmin fakt üzrə Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralanların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertzalar təyin edilib.

Göstərilən faktlara görə başlanmış 5 cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Ermənistan tərəfinin məsuliyyət daşıdığı bu müharibə cinayətlərini qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verilməsini tələb edirik.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı yeni təcavüzünü, Azərbaycanlı mülki şəxsləri və infrastrukturu atəşə tutmasını kəskin qınamağa və Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırırıq.