Azərbaycan Texniki Universiteti Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv olub
2020-06-05

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Azərbaycan UNESCO klublarının koordinatoru Cahangir Hacıyevlə görüşüb.

AzTU-dan bildirilib ki, görüşdə Cahangir Hacıyev UNESCO klublarının yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğun qeyd edən rektor Vilayət Vəliyev AzTU-da yaradılacaq klubun ölkəmizin universitetlərində təhsil alan tələbələr arasında əlaqələr qurulmasına töhfə verəcəyini deyib. Həmçinin şəbəkənin layihə və tədbirlərində müxtəlif universitet tələbələrinin birgə iştirakının innovativ ideyaların, yeni layihələrin yaranmasına təkan verəcəyi vurğulanıb.

Görüşün nəticəsi olaraq və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının razılığı nəzərə alınaraq universitetdə UNESCO klubunun yaradılması haqqında qərar verilib. Eyni zamanda AzTU Azərbaycan UNESCO klubları şəbəkəsinə üzv seçilib.