UNESCO-nun İcra Şurasının növbədənkənar sessiyası keçirilir
2020-06-08

Parisdə UNESCO-nun İcra Şurasının növbədənkənar sessiyası onlayn formatda işə başlayıb.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimovun sessiyada çıxışı gözlənilir. Səfir COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın töhfələrinə toxunacaq, təcridolma rejimi müddətində İcra Şurasının iş metodu müzakirə olunacaq.

Sessiyada A.Kərimov ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərə müraciətini də təqdim edəcək.

Həmçinin, sessiya iştirakçıları COVID-19 pandemiyasının UNESCO-nun proqram və fəaliyyətinə təsirinə dair fikir mübadiləsi aparacaqlar. Katibliyin baş qərargahda mövcud vəziyyətlə bağlı sessiyasının işinə pandemiyanın təsirlərinə dair təqdimatlara da baxılacaq.

İcra Şurasının növbədənkənar sessiyası iyunun 9-dək davam edəcək.

Qeyd edək ki, İcra Şurasının 209-cu sessiyası isə iyunun 29-dan iyulun 10-dək keçiriləcək.